...

Füzuli rayonu ərazisində teplovoz avtomobillə toqquşub

Hadisə Materials 27 İyun 2007 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Füzuli rayonu ərazisindən keçən Hacılı-Bəhmənli dəmir yolunun 187-ci kilometrliyində teplavoz avtomobillə toqquşub. Füzuli rayon prokurorunun köməkçisi Mətləb Ağayev çərşənbə günü Trend ə bildirib ki, iyunun 25-də saat 19.00 radələrində qorunmayan dəmir yolu keçidində rayonun Böyük Bəhmənli kənd sakini Cəmil Abbasovun idarə etdiyi 10 ME 367 dövlət nömrə nişanlı VAZ-2107 markalı maşın yolölçən teplavozla toqquşub. Nəticədə "Jiquli"nin sürücü C.Abbasov və sərnişin Bəyaz Abbasov ağır bədən xəsarətləri ilə Füzuli rayon mərkəzi xəstəxanasına aparılıblar. Sürücünün vəziyyəti normal olsa da, qardaşı oğlunun vəziyyəti ağırdır. Onun əməliyyat olunması üçün Bakıdan həkim dəvət olunub.

Ağayevin sözlərinə görə, Dövlət Dəmir yolu İdarəsi teplovozla bağlı xidməti yoxlama aparacaq. Yoxlamanın nəticəsindən asılı olaraq teplovozun sürücüsünün məsuliyyət məsələsinə baxılacaq. Yoxlama zamanı sürücünün hərəkətində Cinayət Məcəlləsinin 262-ci (dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma) maddəsinin tərkibinin olub-olmadığı müəyyənləşdiriləcək. Hazırda hadisə ilə bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti