...

Qidadan zəhərlənmə sağlamlıqda ömürlük iz qoyur

Maraqlı Materials 24 Mart 2012 11:05 (UTC +04:00)
Nəticələri "Scientific American" jurnalında dərc olunmuş tədqiqat göstərir ki, ömründə bir dəfə qidadan zəhərlənən adamlar həyatları boyu diabet, artrit, böyrək çatışmazlığı, hipertoniya kimi xəstəliklərdən əziyyət çəkir, iflic və ürək tutmalarına məruz qalırlar.
Qidadan zəhərlənmə sağlamlıqda ömürlük iz qoyur

Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir X.Murtuzayeva/

Nəticələri "Scientific American" jurnalında dərc olunmuş tədqiqat göstərir ki, ömründə bir dəfə qidadan zəhərlənən adamlar həyatları boyu diabet, artrit, böyrək çatışmazlığı, hipertoniya kimi xəstəliklərdən əziyyət çəkir, iflic və ürək tutmalarına məruz qalırlar. Bu barədə Trend The Daily Mail-ə istinadən məlumat verir.

Hesab olunur ki, zəhərlənməyə səbəb olan bakteriyaların törətdikləri güclü toksinlər böyrəklərin zədələnməsinə gətirib çıxarır. Аrtrit isə patogenlərə orqanizmin qeyri-adekvat immun cavabı nəticəsində əmələ gəlir. Bu problemlər zəhərlənmədən bir neçə həftə sonra baş qaldıra bilər. Amma yüksək təzyiq özünü yalnız bir neçə ildən sonra büruzə verir.

Ən geniş yayılmış patogenlər olan E coli, salmonella, kampilobakter orqanizmə pis hazırlanan qida ilə düşür. Bu qidalar ət, yumurta, süd ola bilər. Bu bakteriyalar ölümə gətirib çıxara bilər, lakin, adətən, insan bir neçə gündən sonra sağalır. Əslində isə bu, zahirən belə görünür.

Beləliklə, alimlər E coli bakteriyalarını böyrək çatışmazlığı və diabet kimi xəstəliklərlə əlaqələndirirlər. Kampilobakter mədə-bağırsaq traktının pozulması, Qiyene-Barre sindromu (əzələ zəifliyi və iflic əmələ gətirən pozğunluq) ilə salmonellalar isə artritə yol açır.

Yeri gəlmişkən, bir vaxtlar Kanadada minlərlə insan peyinlə çirklənmiş su ilə zəhərləndikdə bunun necə ağır nəticələr verəcəyi heç kimin ağlına gəlmirdi. Hadisədən səkkiz il keçdikdən sonra güclü ishalla üzləşən şəxslərdə ürək tutmalarına və iflicə iki dəfə çox rast gəlinib.

Elə bu qrupdan olan şəxslərdə böyrək problemlərinin inkişaf riski üç dəfə artıb. Yüksək qan təzyiqinə meyillilik də müşahidə olunub. Qeyd etmək lazımdır ki, zəif zəhərlənmə simptomlarına məruz qalan adamlarda belə, qan dövranında problemlər qeydə alınıb. Bununla əlaqədar, tibb işçiləri zəhərlənmədən sonra qan təzyqinin və böyrəklərin vəziyyətini ciddi şəkildə izləməyi tövsiyə edirlər.

Xəbər lenti

Xəbər lenti