Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir X.Murtuzayeva/
Günəş şüalarının bol olduğu ölkələrdə yaşayan adamlar oynaqlarda şiddətli ağrılarla müşahidə olunan revmatoid artritdən daha az əziyyət çəkirlər. Amerikalı alimlərin fikrincə, burada əsas ideya günəş şüalarının təsirindən yaranan D vitamininin orqanizmə müsbət təsir etməsindədir. Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, revmatoid artrit xəstəliyi oynaqlarda şiş və güclü ağrılarla müşahidə olunur. Bu xəstəliyə daha çox qadınlar arasında rast gəlinir. Harvard Tibb Məktəbinin əməkdaşlarının qeyd etdikləri kimi, onlar qadınların iki qrupu üzərində müşahidələr aparıblar. Təcrübə iştirakçılarının sağlamlıq vəziyyəti onların yaşadıqları yerdə ultrabənövşəyi şüalanmanın səviyyəsi ilə müqayisə edilib. Məlum olub ki, ABŞ-ın ən günəşli hissələrində yaşayan və ən çox günəş şüası qəbul etmiş qadınlar arasında artritdən əziyyət çəkənlərə günəş altında daha az vaxt keçirənlərə nisbətən 21 faiz az rast gəlinib.
D vitamininə gəldikdə isə onun dağınıq skleroz kimi başqa immun nasazlıqları ilə əlaqəsi olduğu müəyyən edilib. Bu vitaminin immun hüceyrələrinə təsiri mümkündür. Hazırda D vitamininin immun sisteminin aqressiv hücumlarına cavab verməyə qadir olub-olmadığı üzrə laboratoriya tədqiqatları aparılır.
Hələlik isə mütəxəssislər bu ağır oynaq xəstəliyindən xilas olmaq üçün yayda günəş altında 15 dəqiqə olmağı məsləhət görürlər.