...

Qripdən qorunmaq üçün nə yeməliyik?

Maraqlı Materials 5 Noyabr 2013 10:20 (UTC +04:00)
Havaların soyuması və mövsüm dəyişikliyi ilə əlaqədar qripə yoluxma ehtimalı da artır.
Qripdən qorunmaq üçün nə yeməliyik?

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Havaların soyuması və mövsüm dəyişikliyi ilə əlaqədar qripə yoluxma ehtimalı da artır. Həkimlərin fikrincə, bu xəstəlikdən qorunmaq üçün ilk növbədə düzgün qidalanmaya xüsusi diqqət yetiliməlidir.

Yaşıl yarpaqlı tərəvəzlər: Yaşıl yarpaqlı çiy tərəvəzlərin qida dəyəri çox yüksəkdir. Qan damarlarını qoruyur, iltihabı azaldır və xəstəliklərə yol aça biləcək, ya da xəstəlikləri sürətləndirəcək faktorları uzaqlaşdırır. Hər gün iki boşqab az yağlı salat yeyərək qışı daha asan keçirə bilərsiniz.

Yağlı balıqlar: Yağlı balıqların tərkibində omeqa 3 və selenium var. Omeqa 3 bədəndəki iltihabı azaldır, ağciyərlərə hava axınını artırır və qoruyur. Həftədə iki dəfə balıq yeməklə immun sisteminizi gücləndirə bilərsiniz.

Göyərti: Soğan, kəvər, sarımsaq, yaşıl soğan zəngin tərkibi ilə immuniteti möhkəmləndirir, infeksiyalara qarşı mübarizə aparır. Gündəlik olaraq göyərtidən istifadə etmək orqanizmə olduqca müsbət təsir göstərir.

Qatıq: Qatıq orqanizmimiz üçün son dərəcə faydalıdır. Bu süd məhsulunu "təbii antibiotik" də adlandıra bilərik. Gündə bir kasa qatıq yeyərək bağırsaqlarımızda olan və bir çox xəstəliyə gətirib çıxaran bakteriyaların sayını əhəmiyyətli dərəcədə azalda bilərsiniz.

Yumurta: Ən keyfiyyətli zülal yumurtadadır. Yumurta sarısı immun sistemini möhkəmləndirən A vitamini anbarıdır. Yumurtada xolin adlı maddə də var ki, hüceyrə pərdəsinin açarı olan bu maddənin əskikliyində yuxusuzluq, halsızlıq və immunitet sistemində zəifləmə baş qaldırır. Yumurtanın bədəndəki, xüsusilə bağırsaqlardakı iltihabi prosesləri qabaqlayıcı təsiri də var. Həftədə bir neçə dəfə səhər yeməyində yumurta yeyilməlidir.

Paxlalı bitkilər: Qidalanmamızda əsas karbohidrat qaynağı quru paxla, mərcimək və digər paxlalı bitkilər olmalıdır. Bu qidaların tərkibi sinklə zəngindir. Həftədə 2-3 dəfə paxlalı bitkilərdən hazırlanan xörəklərlə qidalanma çox faydalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti