Azərbaycan, Bakı, 21 avqust /Trend/
"Gartner" şirkətinin analitikləri 2016-cı ilin ortalarına kimi yeni texnologiyaların inkişafı proqnozu və populyarlıq reytinqini dərc edib.
Ən perspektivli sahələr kimi süni intellekt, kompyuter və insan arasında qarşılıqlı əlaqə, eləcə də nitqin tanınması və sintezi, maşın təhsili sahələrinin adı çəkilib. Trend xəbər verir ki, tədqiqatın nəticələri şirkətin saytında dərc olunub.
Analitiklərin hesablamalarına görə, 2015-ci ildə ən çox müzakirə olunan mövzular pilotsuz avtomobillər, ağıllı evlər, nitqin tanınması və sintezi olub. Maşın təhsili (kompyuterin öz sistemlərini inkişaf etdirmək və insanlar kimi öyrənmək qabiliyyəti) sürətlə inkişaf edən trend adlandırılıb.
2015-2016-cı illərin proqnozunda ilk dəfə "ağıllı toz" ifadəsi işlədilib. "Ağıllı toz" simsiz siqnallarla əlaqə saxlayan və birlikdə hərəkət edən kiçik cihazlar, məsələn, mikroskopik robotlar qrupudur. Proqnozda bildirilir ki, bu texnologiyanın bazarda öncüllər sırasına qoşulmağı 10 ildən sonra mümkün olacaq.
Xatırladaq ki, texnologiyaların populyarlığı və potensialının qiymətləndirilməsi metodologiyası "Gartner" şirkətinin analitikləri tərəfindən 1995-ci ildə ixtira edilib. Məsələn, ilk icmallarında "Gartner" ekspertləri "Bluetooth", biometriya və simsiz internetin inkişafı barədə xəbər vermişdilər.