Bakı. Trend:
"Azərbaycan Hava Yolları" (AZAL) Bakı şəhəri 160 saylı Klassik Gimnaziyanın 4-ci sinif şagirdləri üçün bir sıra mülki aviasiya obyektlərinə ekskursiya təşkil edib.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ilk öncə məktəblilər bütün hava gəmilərinə müasir dünya standartları səviyyəsində texniki xidmət göstərmək üçün hər cür şəraitin olduğu "Silkway Technics" şirkətinin anqar kompleksi ilə tanış olublar.
Bundan sonra məktəblilər aerovağzal ərazisini gəziblər. Burada aviasiya təhlükəsizliyi kineloji xidmətinin işçiləri uşaqlara itlərin saxlanılması və təlimi və "insanın yaxşı dostlarının" sərnişinlərin təhlükəsizliyi və qaçaqmalçılıq ilə mübarizədə köməyi barədə uşaqlara məlumat veriblər.
Ekskursiyanın növbəti məkanı hava limanının yanğınsöndürmə xidməti olub. Yanğınsöndürmə xidmətinin nümayəndələri uşaqlara yanğınsöndürmə maşınının quruluşu barədə danışıb, yanğınsöndürənlərin döyüş geyimi, yanğın xilasedici qurğuları nümayiş etdirib, su və köpüyün necə vurulduğunu göstəriblər. Söhbət zamanı uşaqların əksəriyyəti yanğınsöndürənlərin yanğın baş verdiyi halda hansı telefon nömrəsini yığmalı və təhlükəli vəziyyətdə nə etməli kimi suallarına cavab verərkən yüksək bilik nümayiş etdiriblər.
Ekskursiya dünyanın ən müasir sərnişin təyyarələrindən biri - Boeing 787 Dreamliner təyyarəsini gəzməklə başa çatıb. Uşaqları "Azərbaycan Hava Yolları"nın pilot və təyyarə bələdçiləri qarşılayıb, onları təyyarənin quruluşu, birinci sinif, biznes və ekonom sinif salonları ilə tanış ediblər. Həmçinin məktəblilər pilot kabinəsində olmaq şansı əldə ediblər.