...

"Nə? Harada? Nə zaman?" oyunu üzrə "OnlayNHN" layihəsinə yekun vurulub (FOTO)

Maraqlı Materials 8 İyun 2020 17:24 (UTC +04:00)
"Nə? Harada? Nə zaman?" oyunu üzrə "OnlayNHN" layihəsinə  yekun vurulub (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclərin İntellektual İnkişaf Mərkəzi və ‘’Xəzər İntellektual Gənclər Klubu’’nun təşkilatçılığı ilə gənclər arasında ‘’Evdə qal, "OnlayNHN"ə qoşul’’ şüarı ilə "Nə? Harada? Nə zaman?" oyunu üzrə ‘’OnlayNHN’’ layihəsinə yekun vurulub.

Trend-in məlumatına görə, dörd həftə ərzində ‘’Quantum’’ platformasında keçirilən yarışda ümumilikdə gənclərdən ibarət 130 komanda mübarizə aparıb. Son turda səslənmiş 24 suallıq oyun paketinin 21-ə doğru cavab verən Revolver komandası birinci, keçirilmiş üç turdan sonra lider olan Prestij komandası 18 xalla ikinci, eyni sayda sualı cavablandıran lakin reytinq xallarında geri qalan NİK komandası üçüncü yerə sahib olub.

Beləliklə, son nəticələrə görə 77 xalla Prestij komandası layihənin qalibi, liderdən cəmi üç xal geri qalan Revolver komandası ikinci, NİK komandası isə üçüncü yerə layiq görülüb.

Layihənin məqsədi sosial izolyasiya və karantin günlərində intellektual oyun vərdişlərinin artırılması və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarət idi.

Layihə haqqında əlavə məlumatları “Xəzər İntellektual Gənclər Klubu“ və “Xəmsə Milli İntellektual Oyunu“nun facebook səhifələrindən əldə etmək mümkündür.

(İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti