Azərbaycan, Bakı/ Trend , müxbir E.Hüseynli/ Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri ATƏT-in Minsk Qrupu həmsədrlərinin yeni yazılı təkliflərinin detallarının açıqlanmasını vacib sayır. "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həmsədrlərin Madriddə tərəflərə təqdim etdiyi yazılı təkliflər zərfinin detalları açıqlanmadan, bunun münaqişənin həllinə müsbət təsir edəcəyini söyləmək olmaz"- cümə axşamı Trend ə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Nizami Bəhmənov bildirib.
ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün Azərbaycan və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yazılı təklif təqdim ediblər . Zərfə 10 təklif daxildir. Sənəd cümə axşamı Madriddə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistanın xarici işlər naziri Vardan Oskanyanla görüşü zamanı ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ Dövlət katibinin beynəlxalq məsələlər üzrə köməkçisi Nikolos Bern tərəfindən təqdim olunub.
Bəhmənov deyib ki, Ermənistan danışıqlar zamanı qeyri-konstruktiv mövqeyindən əl çəkməsə, yazılı təkliflərin də münaqişənin həllinə təsiri olmayacaq. Onun sözlərinə görə, yazılı təkliflərdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq prinsipləri əsasında həllinin vacibliyi qeyd olunubsa, onda Minsk Qrupu həmsədrlərinin yeni təkliflərini alqışlamaq olar. Təkliflərdə Ermənistan qarşısında hər hansı tələb qoyulmayıbsa, onda rəsmi Yerevan qeyri-konstruktiv mövqeyindən əl çəkməyəcək.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə, ATƏT-in Minsk qrupu vasitəçilik edir.