...

Azərbaycan Parlamentinin komissiya sədrləri Ermənistan deputatları ilə görüşmək təklifini qəbul etməyiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Fevral 2008 13:01 (UTC +04:00)
Azərbaycan Parlamentinin komissiya sədrləri Ermənistan deputatları ilə görüşmək təklifini qəbul etməyiblər

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentinin komissiya sədrləri Strasburqda Azərbaycan və Ermənistan deputatlarının iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair konfransın keçirilməsi təklifini qəbul etməyiblər. "Biz bildirdik ki, Azərbaycanı və Ermənistanı təmsil edən deputatlar dəfələrlə görüşüblər. Lakin bu görüşlərin heç bir nəticəsi olmayıb. Ona görə də erməni deputatları ilə yeni bir görüş keçirilə bilməz" - deyə cümə günü Trend ə açıqlamasında Milli Məclisin İnsan hüquqları daimi kosmissiyasının sədri, millət vəkili Rəbiyyət Aslanova bildirib.

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsinin sədri, lord Rassel Conston cümə günü Azərbaycan Parlamentinin komissiya rəhbərləri ilə görüşüb.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

AŞPA 2005-ci ilin yanvarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1416 saylı qətnamə qəbul edib. Qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi qeyd olunub və münaqişənin həlli ilə bağlı təkliflər əks olunub. Qurumda sənədin həyata keçirilməsinə nəzarət etmək üçün Alt Komitə yaradılıb.

Aslanova qeyd edib ki, görüşdə Alt Komitənin sədri aprel ayında Strasburqda Azərbaycan və Ermənistan deputatlarının iştirakı ilə konfransın keçirilməsi təklifi ilə çıxış edib. Conston bildirib ki, bölgəyə səfərində əsas məqsəd AŞPA-nın Dağlın Qarabağ münaqişəsi üzrə Alt Komitəsinin fəaliyyətinin davam etdirilib-etdlirilməməsi ilə bağlı tərəflərin mövqeyini öyrənmək, eləcə də Azərbaycan və Ermənistan deputatlarının görüşünün keçirilməsi imkanlarını araşdırmaqdır: "Biz bildirdik ki, erməni deputatları ilə görüşdə hansısa nəticə əldə etmək mümkün deyil və yeni bir görüşün keçirilməsinin heç bir perspektivi yoxdur".

Conston bildirib ki, Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmur. Ona görə də bölgəyə səfərlərində məqsəd münaqişənin həllinə nail olmaq deyil, tərəflər arasında ünsiyyət və dialoq şəraiti yaratmaqdır.

"Biz isə bildirdik ki, Alt Komitə AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsi üçün yaradılıb. Lakin bunun üçün heç bir iş görülməyib. Bögləyə səfərlər və keçirilən görüşlər münaqişənin həllini uzatmağa xidmət edir. Əgər vəziyyət belə davam etsə, Alt Komitənin fəaliyyətini davam etdirməsinə heç bir ehtiyac qalmayacaq" - deyə Aslanova əlavə edib.

Parlamentin komissiya sədrləri vurğulayıblar ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca, Azərbaycan və Ermənistan parlamentləri arasında hər hansı əməkdaşlıq mümkün deyil.

Xəbər lenti

Xəbər lenti