...

Cəbhədə atəşkəsin intensiv pozulması hər iki tərəfdən itkilərə şərait yaradır-Azərbaycanın müdafiə naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Mart 2008 18:41 (UTC +04:00)
Cəbhədə atəşkəsin intensiv pozulması hər iki tərəfdən itkilərə şərait yaradır-Azərbaycanın müdafiə naziri

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın müdafiə naziri bəyan edib ki, cəbhədə vəziyyət getdikcə gərginləşir. "Cəbhədə atəşkəsin ermənilər tərəfindən intensiv şəkildə pozulması hər iki tərəfdən itkilərə şərait yaradır"- çərşənbə günü NATO Parlament Assambleyasının prezidenti Joze Lello ilə görüşündə Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev bildirib.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 4-də səhər saatlarından başlayaraq, növbəti dəfə atəşkəs rejimini pozublar. Bunun nəticəsində cəbhənin bir neçə istiqamətində vəziyyət gərginləşib. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, dünən və bu gün səhər atəşkəsin pozulması nəticəsində, Ermənistan Silahlı Qüvvələri 12 hərbçisinin itirib, 15-i isə yaralanıb. Döyüşlər zamanı Azərbaycan Milli Ordusunun 4 əsgəri şəhid olub. Hazırda qoşunların təmas xəttində nisbi sakitlikdir.

Əbiyev deyib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində aparılan danışıqlar, hələ ki, bir nəticə vermir. BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsi bu günədək yerinə yetirilməyıb. Nazirin sözlərinə görə, beynəlxalq təşkilatlar, o cümlədən NATO Parlament Assambleyası öz imkanlarından istifadə edərək, münaqişənin həll edilməsi istiqamətində səylərini artırmalıdırlar. Əks təqdirdə, vəziyyət daha kəskin həddə çata bilər, Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi üçün daha sərt üsullardan istifadə edər.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Xəbər lenti

Xəbər lenti