...

Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən böyük faciələrdən biridir - Azərbaycan parlamentinin spikeri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2009 12:33 (UTC +04:00)
Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən böyük faciələrdən biridir - Azərbaycan parlamentinin spikeri

Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir C.Babayeva/

Azərbaycan Milli Məclisinin (paralment) spikeri hesab edir ki, Xocalı soyqırımı XX əsrin sonlarında insanlığa qarşı törədilmiş ən böyük faciələrdən biridir.

"Xocalı soyqırımı xalqın qan yaddaşına dərin iz salıb və 17 ildir ki, dərin hüznlə yad edilir", - Trend -un məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Oqtay Əsədov deyib.

Trend -un arayışı: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan, Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı.

Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Spikerin sözlərinə görə, 1994-cü ildə ulu öndər Heydər Əliyevin göstərişi ilə, parlament 26 fevralı rəsmən Xocalı soyqırımı günü elan edib. "Həmin ildən bu günə qədər Xocalı soyqırımı bir çox xarici ölkələrdəki diaspor təşkilatları tərəfindən də yad edilir. Bu il də azərbaycanlı parlamentarilər diaspor təşkilatlarının keçirdiyi anım mərasimlərində iştirak edəcəklər", - Əsədov deyib.

Xocalı soyqırımının qurbanlarının xatirəsi parlamentdə bir dəqiqəlik sükutla yad edilib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti