...

Könüllü surətdə Azərbaycan tərəfinə əsir düşən erməni hərbiçiləri vətənlərinə qayıtmaq istəmirlər - Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Mart 2009 17:13 (UTC +04:00)
Könüllü surətdə Azərbaycan tərəfinə əsir düşən erməni hərbiçiləri vətənlərinə qayıtmaq istəmirlər - Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir C.Babayeva / Könüllü surətdə Azərbaycan tərəfinə əsir düşən erməni hərbiçiləri vətənlərinə qayıtmaq istəmədiklərini etiraf ediblər. Bu barədə cümə axşamı Trend -a Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.

Fevralın 28-də gecə saat 1-2 radələrində erməni hərbiçiləri Ağdamın Evcidüzü adlanan ərazisində Azərbaycan tərəfinə əsir düşüb. Onlar Xocalıdan olan məcburi köçkün Zümrüd Əliyevanın evinin yaxınlığına gələrək rus dilində ondan çörək istəyiblər.

Əliyeva onların öz aralarında erməni dilində söhbət etdiklərini eşidib və bu barədə yaxınlıqdakı hərbi hissənin əsgərlərinə məlumat verib. Bundan sonra erməni hərbiçiləri saxlanılıb.

Bunlar Qrant Markosyan, Artur Vartevyan və Alik Tevosyandır.

Sabiroğlunun sözlərinə görə, erməni hərbiçiləri vətənə qayıtdıqdan sonra işgəncə və təzyiqlərə məruz qalacaqlarından qorxurlar. "Onlar yenidən Ermənistan ordusundakı dözülməz vəziyyətə düşməkdən qorxurlar", - deyə mətbuat xidmətinin rəhbəri bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ də nəticəsiz, sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti