...

Dağlıq Qarabağ problemi həll olunmadan Ermənistanla sərhədlərin açılması mümkün deyil – türkiyəli deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Aprel 2009 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir R.Hafizoğlu / 

Türkiyənin müxalif Milliyətçi Hərəkat Partiyası (MHP) hesab edir ki, Dağlıq Qarabağ problemi həll olunmadan Türkiyənin Ermənistanla sərhədləri açması mümkün deyil.

"Türkiyə üçün prinsipial mövzulardan biri olan Qarabağ probleminin həllinin kənara qoyularaq Ermənistanla sərhədlərin açılması qeyri-mümkündür", - MHP-nin Türkiyə Böyük Millət Məclisindəki (TBMM) deputatı Şenol Bal cümə axşamı Ankaradan telefonla Trend -a bildirib.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Bu gün Türkiyədəki müxalifət partiyaları CHP (Cumhuriyyət Xalq Parrtiyası) və MHP (Milliyətçi Hərəkat Partiyası) Türkiyə hakimiyyətindən Ermənistanla sərhədlərin açılması mövzusunda müzakirə aparılması və qərar qəbul olunmasını tələb ediblər.

Parlamendə bu məsələnin müzakirə olunması mübahisələrə səbəb olub.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Şenol deyib ki, hakimiyyət hələ Ermənistanla sərhədlərin açılması məsələsində müxalifət partiyalarının ünvanladığı suallara qəti cavab verməyib.

Onun sözlərinə görə, həftə ərzində Azərbaycandan bir qrup deputatın Türkiyəyə gələcək və bu məsələni birgə müzakirə edəcəklər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti