Azərbaycan, Bakı, 07 avqust / Trend , müxbir C.Babayeva /
Azərbaycanlı millət vəkili hesab edir ki, Rusiya-Türkiyə yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə müsbət təsir edəcək.
"Türkiyə və Rusiya regional və beynəlxalq xarakterli məsələlərin həllində yaxından əməkdaşlıq edirlər. Rusiya-Türkiyə yaxınlaşması Cənubi Qafqazda mövcud olan münaqişələrin, o cümlədən Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinə müsbət təsir edəcək. Bu ölkələr arasında ikitərəfli əlaqələrin genişlənməsi nəticə etibarı ilə Cənubi Qafqaz və Orta Şərq regionunda sülhə və sabitliyə xidmət edir", - cümə günü millət vəkili, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı partiyanın rəsmi saytına bildirib.
Trend -un arayışı: Dünən Rusiyanın Baş naziri Vladimir Putin Türkiyəyə səfər edib. Putin Türkiyəyə rəsmi səfəri zamanı keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox ciddi və fəal işlər görüldüyünü bildirib. Baş nazir onu da qeyd edib ki, Moskva bu münaqişənin tezliklə həll edilməsini istəyir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Qurdanlının sözlərinə görə, Rusiya və Tükiyə arasında ikitərəfli əlaqələr son illərdə sürətlə inkişaf edir və bu əlaqələr müxtəlif sahələrdə özünü biruzə verir. "Aydındır ki, Türkiyə-Rusiya münasibətlərində iqtisadi amil başlıca mövqedə dayanır. Bu gün çoxsaylı türk şirkətləri Rusiyanın ayrı-ayrı bölgələrində əhəmiyyətli layihələrin həyata keçirilməsində yaxından iştirak edir", - millət vəkili deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]