Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir C.Babayeva /
Dağlıq Qarabağ münaqişəsi yalnız region ölkələrinin köməyi ilə həll edilə bilər. İranın Azərbaycandakı səfiri Muhəmmədbağır Bəhrami belə hesab edir.
"Kənar ölkələr artıq 17 ildir münqişənin həllinə çalışırlar, lakin indiyədək heç bir nəticə əldə olunmayıb. Münaqişə yalnız region ölkələrinin köməyi ilə həll edilə bilər", - Bəhrami çərşənbə axşamı Trend Mətbuat Mərkəzində mətbuat konfransında deyib.
"Regiona münasibəti olmayan dövlətlər öz maraqlarını güdürlər və ATƏT-in Minsk Qrupu buna nümunədir", - səfir hesab edir.
"Şübhəsiz, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. İran həmişə Dağlıq Qarabağın işğalını pisləyib və indi də pisləyir", - diplomat deyib.
Səfirin sözlərinə görə, İranın Ermənistanla əlaqələri Azərbaycana qarşı yönəlməyib, adi qonşuluq münasibətləridir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlnamasına nail olmağa xidmət edir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.