...

Türkiyə ilə Ermənistan arasında imzalanan protokollar Azərbaycanın işğal edilmiş əraziləri azad olunandan sonra ratifikasiya edilə bilər - deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Oktyabr 2009 15:32 (UTC +04:00)
"Protokollar yalnız onun imzalanmasını təkid edən ABŞ, Fransa və Rusiyanın Azərbaycanın işğal olunan ətraf rayonlarının boşaldılması üçün Ermənistana təzyiq edəcəkləri halda Türkiyə Böyük Millət Məclisində təsdiqlənə bilər", - cümə axşamı Trend News-a Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun həmsədri Nizami Cəfərov bildirib.
Türkiyə ilə Ermənistan arasında imzalanan protokollar Azərbaycanın işğal edilmiş əraziləri azad olunandan sonra ratifikasiya edilə bilər - deputat

Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun həmsədri Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların Türkiyə Böyük Millət Məclisində ratifikasiya olunacağına inanmır.

"Protokollar yalnız onun imzalanmasını təkid edən ABŞ, Fransa və Rusiyanın Azərbaycanın işğal olunan ətraf rayonlarının boşaldılması üçün Ermənistana təzyiq edəcəkləri halda Türkiyə Böyük Millət Məclisində təsdiqlənə bilər", - cümə axşamı Trend -a Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun həmsədri Nizami Cəfərov bildirib.

Trend -un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

Cəfərovun sözlərinə görə, Türkiyə rəsmilərinin Dağlıq Qarabağ problemi həll olunmadan Ermənistanla sərhədlərin açılmayacağı ilə bağlı verdikləri vədlərə inanmamaq mümkün deyil. "Türkiyə-Ermənistan sərhədləri açılarsa, bu, Türkiyənin indiki iqtidarının yalan danışdığını sübut edəcək", - millət vəkili əlavə edib.

İşçi qrupunun həmsədri deyib ki, Azərbaycanın 11 deputatının bu yaxınlarda Türkiyəyə səfəri zamanı keçirilən görüşlərdə də Ermənistanla sərhədlərin açılmasının yalnız Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi dönüş yaranacağı halda mümkün olacağı barədə ciddi bəyanatlar verilib. "Bu bəyanatların səmimiliyinə inansaq, protokolların Türkiyə Parlamentində asanlıqla ratifikasiya olunacağı gözlənilmir", - Cəfərov vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti