...

Azərbaycanın xarici işlər naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Oktyabr 2009 02:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr / Trend /

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi Lüksemburqda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Bu barədə Trend -a Azərbaycan XİN-dən daxil olan məlumatda deyilir.

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Andjey Kaspşikin iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyov görüşü, danışıqların hazırkı mərhələsi və həmsədrlərin regiona növbəti səfəri mövzuları müzakirə olunmuşdur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Azərbaycan XİN rəhbəri Lüksemburqa səfəri çərçivəsində ilk olaraq İsveçin Xarici işlər naziri cənab Karl Bildt, İspaniyanın Avropa məsələləri üzrə Dövlət Katibi cənab Dieqo Lopez Qarrido, Aİ-nin Ümumi Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi cənab Xavyer Solana, Avropa Komissiyasının nümayəndələri, habelə Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin birgə işçi səhər yeməyində iştirak etmişdir.

Görüş zamanı Avropa İttifaqı ilə Cənubi Qafqaz ölkələri arasında münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində əməkdaşlıq, xüsusilə də Aİ ilə assosiasiya sazişlərinin hazırlanması, habelə Cənubi Qafqaz regionunda mövcud münaqişələrin nizamlanması ətrafında fikir mübadiləsi aparılmışdır.

Nazir E.Məmmədyarov Azərbaycanın müxtəlif sahələrdə Aİ ilə əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu, bu istiqamətdə ölkəmizin Şərq Tərəfdaşlığı Təşəbbüsünə böyük önəm verdiyini bildirmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına toxunan nazir E.Məmmədyarov nizamlanmada irəliləyişin əldə edilməsi üçün ilk növbədə Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasının vacibliyini bildirmişdir.

Növbəti görüş Aİ-nin Ümumi Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi cənab Xavyer Solana ilə keçirilmişdir. Görüşdə Aİ-Azərbaycan əməkdaşlığı, regional məsələlər, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında fikir mübadiləsi aparılmışdır. E.Məmmədyarov münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesi, məsələyə dair ölkəmizin mövqeyi barədə məlumat vermişdir.

Nazir E.Məmmədyarov bildirmişdir ki, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması bölgədə bütün kommunikasiyaların açılmasına, sülhün və təhlükəsizliyin bərqərar olunmasına, regional inkişaf və əməkdaşlığa imkan yaradacaqdır. Öz tərəfindən, X.Solana münaqişənin həlli üçün danışıqlarda dinamikliyin vacibliyini vurğulamış və Avropa İttifaqının nizamlanma prosesinin müsbət inkişafı üçün mümkün addımlar atmağa hazır olduğunu bildirmişdir.

Sonra Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 10-cu iclası keçirilmişdir. İclasda Avropa İttifaqını hazırda Aİ Sədrliyini həyata keçirən İsveçin Xarici işlər naziri Karl Bildt, 2010-cu ilin yanvar-iyun aylarında Aİ Sədrliyini həyata keçirəcək İspaniyanın Avropa məsələləri üzrə Dövlət Katibi cənab Dieqo Lopez Qarrido və Xarici Əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə Avropa Komissarı xanım Benita Ferrero-Valdner təmsil edirdilər. İclasda Aİ-Azərbaycan münasibətlərinin ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.

Görüşdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Brüsselə səfərinin Azərbaycan-Aİ əməkdaşlığına böyük təkan verdiyi xüsusi qeyd olunmuşdur.  Şərq Tərəfdaşlığı Təşəbbüsü alqışlanaraq, bu proqramın Aİ ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsinə təkan verəcəyi bildirilmişdir. Habelə, əməkdaşlığın daha da dərinləşməsi üçün assosiasiya sazişinin əhəmiyyəti vurğulanmışdır.

İclasda Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesi ətrafında ən son vəziyyət müzakirə olunmuşdur. Münaqişənin nizamlanması prosesi barədə ətraflı məlumat verən nazir E.Məmmədyarov bildirmişdir ki, işğal olunmuş ərazilərdən Ermənistan qoşunları çıxarılmadan sərhədlərin açılması və kommunikasiyaların bərpası regiona davamlı sülh və sabitlik gətirməyəcəkdir, çünki problemin mahiyyəti olan Azərbaycan ərazilərinin işğalı faktı hələ də aradan qaldırılmamışdır.

Görüşdə Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunmuş, Avropanın enerji təhlükəsizliyi, enerji daşıyıcılarının müxtəlifliyinin təminatında Azərbaycanın rolu qeyd olunmuşdur. İclasda BMT-nin Baş Assambleyasında Azərbaycanın təklif etdiyi "Transmilli Avrasiya super informasiya magistralı" qətnamə layihəsinə Aİ tərəfindən dəstək veriləcəyi qeyd olunmuş, habelə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında Avropa Tədqiqatları Mərkəzinin yaradılması barədə razılıq əldə olunmuşdur. Görüşdə habelə, demokratik islahatlar prosesinin Azərbaycanın suverenliyinin gücləndirilməsi üçün əhəmiyyəti vurğulanmışdır.

Sonra Aİ Şurası Prezidentliyi, Avropa Komissiyasının nümayəndələri, həmçinin Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçirilmişdir.

Səfər çərçivəsində nazir E.Məmmədyarov Lüksemburqun Deputatlar Palatasının Sədri Laurent Mosar ilə görüşmüşdür. Görüşdə Azərbaycan-Lüksemburq əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır. Tərəflər iki ölkə arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyindən, xidmətlər, xüsusilə də, maliyyə-bank və nəqliyyat sahələrində uğurlu əməkdaşlıq nümunələrindən məmnunluqlarını bildirmişlər. Təmasların daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsi, ölkələrin mövcud iqtisadi imkanlarından daha səmərəli istifadə edilməsi, habelə mədəniyyətlərin qarşılıqlı təşviqi üçün müxtəlif tədbirlərin keçirilməsinin məqsədəuyğunluğu bildirilmişdir. Tərəflər iki ölkə arasında parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin və bu istiqamətdə qarşılıqlı səfərlərin təşkilinin də vacibliyini vurğulamışlar.

Nazir E.Məmmədyarov ölkəmizdə gedən inkişaf prosesi, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu strateji layihələr, ölkəmizin regional əhəmiyyəti barədə ətraflı məlumat vermişdir. Öz tərəfindən, L.Mosar Azərbaycanda gedən inkişaf proseslərini diqqətlə izlədiyini, ölkəmizin düzgün istiqamətdə irəlilədiyini və əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdiyini demişdir. Görüşdə həmçinin, Azərbaycan-Aİ əməkdaşlığı, habelə regional vəziyyət, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında da fikir mübadiləsi aparılmışdır.

Səfər çərçivəsində nazir E.Məmmədyarovun son görüşü  Fransanın Xarici işlər naziri cənab Bernar Kuşner ilə olmuşdur. Görüşdə Azərbaycan-Fransa əməkdaşlığının cari vəziyyəti və inkişaf perspektivləri, regional vəziyyət, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq mövzuları ətrafında fikir mübadiləsi aparılmışdır.

Xəbər lenti

Xəbər lenti