Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir E.Tariverdiyeva/
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın dövlət suverenliyinə hörmət olunaraq həll edilməlidir. Gürcüstan Prezidenti Mixail Saakaşvili belə hesab edir.
"Bütün problemlərin həll edilməsinin ancaq bir yolu var - həmin ölkələrin birbaşa danışıqlar aparması, beynəlxalq hüquq, o cümlədən insanların öz yaşayış yerlərinə qayıtması hüquqları və dövlət suverenliyinə hörmət", - Saakaşvili "Exo Moskva" radistansiyasına müsahibəsində deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi çətin problemdir və bu məsələdə "əsas açar" Rusiyadır.
"Düşünürəm ki, yaxşı vəziyyətin olması üçün ölkələr danışıqlar aparmalı, xalqlar ünsiyyətdə olmalıdır, buna görə də Türkiyə ilə Ermənistan arasında gedən danışıqları Azərbaycanla əlaqələndirmək lazımdır", - Saakaşvili deyib.
Onun sözlərinə görə, danışıqlar həmişə yaxşıdır, hər hansı bir inkişaf hər zaman müsbət yüksəlişdir.
"Mən bu vəziyyəti status-kvo adlandırmaq istəmirəm. Bizim vəziyyət göstərdi ki, status-kvo olmur. Bu cür vəziyyətlərdə mürəkkəbləşmə və pisləşmənin olmaması üçün həmişə ayıq olmaq lazımdır", - Saakaşvili deyib.