...

Yaxın vaxtlarda RF, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək - Prezident Medvedev

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 May 2010 15:45 (UTC +04:00)
Rusiya və Türkiyə Qafqaz regionunda sabitliyin möhkəmlənməsində və Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında maraqlıdır. Bu barədə RF prezidenti Dmitri Medvedyev Ankarada mətbuat konfransında bəyan edib. Bu barədə “Rusiya 24” telekanalı məlumat verib.
Yaxın vaxtlarda RF, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək - Prezident Medvedev

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir E.Tarıverdiyeva/

Rusiya və Türkiyə Qafqaz regionunda sabitliyin möhkəmlənməsində və Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında maraqlıdır. Bu barədə RF Prezidenti Dmitri Medvedev Ankarada mətbuat konfransında bəyan edib. Bu barədə "Rusiya 24" telekanalı məlumat verib.

"Biz öz tərəfimizdən, mən RF-i nəzərdə tuturam, bu məsələni irəli aparacaq, bu münaqişənin həlli üçün bütün imkanlardan, RF-in nüfuz və təsirindən istifadə edəcəyik ", - Prezident deyib.

Medvedevin sözlərinə görə, RF bu məsələlər üzrə türkiyəli tərəfdaşları ilə məsləhətləşmələr aparacaq.

"Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ümidverici addımlar atılıb, tərəflər görüşürlər, əlaqə saxlayırlar, nizamlanma ilə bağlı olan bir sıra məqamlarda irəliləyiş mövcuddur", - Medvedev deyib.

Onun sözlərinə görə, bu o demək deyil ki, bu gün bütün məsələlər üzrə razılaşma əldə olunub, məsləhətləşmələr davam edir. "Mən özüm dəfələrlə prezidentlər Əliyev və Sarkisyana vasitəçilik xidmətləri təklif etmişəm və ümid edirəm , bu, gələcəkdə də, həmçinin mövqelərin aydınlaşdırılmasının tələb olunduğu məqamlar üzrə də baş verəcək", - Prezident deyib.

Medvedevin sözlərinə görə, ATƏT MQ-nin digər iştirakçıları da öz xidmətlərini göstərməlidirlər və RF onların dəstəyinə ümid edir. Lakin hər şeydən əvvəl, bütün məsələlər münaqişə tərəfləri olan Azərbaycanla Ermənistan arasında müzakirə olunmalıdır.

Medvedevin sözlərinə görə, son vaxtlar tərəflər irəliyə böyük addım atıblar, lakin başlıcası əldə olunanla kifayətlənməməkdir. "Mən indi rayonların sayı üzrə ayrı-ayrı məqamlar və nizamlanmanın digər aspektlərini şərh etmək istəmirəm, çünki bu problematika üzrə lazımsız detonasiya yaratmamaq üçün son dərəcə prinsipiallıq nümayiş etdirmək lazımdır, xüsusən də RF-in burada xüsusi missiyası var. Biz münaqişə tərəfi deyilik, fəal vasitəçiyik və gələcəkdə də çalışacağıq; yaxın vaxtlarda RF, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək", - Prezident deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti