...

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Qarabağ münaqişəsi ilə bağlı 46 layihə maliyyələşdirib - Şura sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 May 2010 19:11 (UTC +04:00)
Çərşənbə axşamı Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib.
Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Qarabağ münaqişəsi ilə bağlı 46 layihə maliyyələşdirib - Şura sədri

Azərbaycan, Bakı, 18 may /Trend/

Çərşənbə axşamı Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib. Məlumatı Şuranın mətbuat xidməti yayıb.

Tədbir Laçının işğal gününün və Laçın uğrunda döyüşlərdə həlak olmuş Vətən oğullarının xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Şura sədri Azay Quliyev dəyirmi masanı giriş sözü ilə açaraq, tədbirin məsləhətləşmə xarakteri daşıdığını qeyd edib və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında rəhbərlik etdiyi qurumun və QHT-lərin həyata keçirdiyi tədbirlər haqqında danışıb.

"Şuranın maliyyələşdirdiyi layihələrin 46-sı bilavasitə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədardır və həmin layihələrə 400 min manatdan artıq dövlət vəsaiti xərclənib", - o deyib.

Quliyev müzakirə mövzusu ilə bağlı ekspertləri Qarabağ mövzusu ilə əlaqədar həyata keçirilən layihələrin effektivliyi, bu istiqamətdə işləyən QHT-lər və digər qurumlar arasında koordinasiyanın olmaması, Qarabağ müharibəsindən zərər çəkmiş insanların hüquqlarının beynəlxalq məhkəmələrdə qorunmasında QHT-lərin rolu, bu il mayın 23-də qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçiriləcək "seçkilərə" QHT-lərin etirazı məsələləri barədə fikir mübadiləsi aparmağa dəvət edib.

Dəyirmi masada mövzu üzrə ekspert qismində çıxış edən millət vəkili, "Lider qadınlar" İctimai Birliyinin sədri Məlahət İbrahimqızı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Bayram Səfərov, millət vəkili Cəmil Həsənli və başqaları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı peşəkar təbliğat sisteminin qurulması haqqında öz fikirlərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti