...

Ermənistan təxribata cavab olaraq Azərbaycan silahının gücünü hiss etməlidir - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyun 2010 16:35 (UTC +04:00)
Erməni Silahlı Qüvvələri tərəfindən Azərbaycan mövqelərinin müntəzəm atəşə tutulması çıxılmaz vəziyyətdən xəbər verir.
Ermənistan təxribata cavab olaraq Azərbaycan silahının gücünü hiss etməlidir - politoloq

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir S.Ağayeva/

Erməni Silahlı Qüvvələri tərəfindən Azərbaycan mövqelərinin müntəzəm atəşə tutulması çıxılmaz vəziyyətdən xəbər verir. Müstəqil eksperti Fikrət Sadıqov belə hesab edir.

Son günlər Ermənistan Silahlı Qüvvələri intensiv şəkildə atəşkəs rejimini pozur. Münaqişə zonasında atışmalar nəticəsində hər iki tərəf itki verib.

"Ermənilər uzun illər ərzində mövqelərimizi atəşə tutur, vətəndaşlarımızı öldürür və cavab atəşi ilə bütün bu aksiyaların qarşısı alınır. Amma indi Ermənistan dərk edir ki, faktiki olaraq çıxılmaz vəziyyətə düşüb. Ermənilərin düşdükləri siyasi tələ onlara manevr etmək imkanı vermir", - politoloq çərşənbə axşamı Trend-ə bildirib.

Sadıqovun sözlərinə görə, Azərbaycanın bu vəziyyətdən istifadə etməsi vacibdir və erməni tərəfinə Azərbaycan silahının gücünü qiymətləndirməsi üçün layiqli cavab verilməlidir.

"Azərbaycanda Hərbi Doktrina qəbul edilib, ölkənin müdafiə büdcəsi artırılıb, ölkənin hərbi potensialı artır, bu yaxınlarda ABŞ müdafiə naziri Robert Geyts ölkəyə səfər edib. Bütün bunlar regionda əsas oyunçu kimi Azərbaycanın imkanlarının genişləndiyini və ölkənin potensialının artdığını sübut edir. Bu, Azərbaycanın müttəfiqləri və tərəfdaşları üçün çox vacibdir və erməni tərəfini çox qorxudur", - politoloq deyib.

Onun sözlərinə görə, Ermənistan anlayır ki, gec ya tez Azərbaycanın işğal olunmuş əraziləri azad olunmalıdır. Həm də bu təklif artıq Azərbaycandan deyil, dünyanın aparıcı dövlətlərini təmsil edən ATƏT-in Minsk qrupunun həmsədrlərindən gəlir. Sadıqov bildirib ki, "heç kim əbədi olaraq Ermənistanın nazı ilə oynamayacaq, istənilən səbrin sonu var".

Azərbaycanın mövqelərinin atəşə tutulması və ermənilərin təxribatları Ermənistanın düşdüyü vəziyyətin çıxılmazlığından xəbər verir. Yerevanda başa düşürlər ki, sonda onlar seçim qarşısında qalacaqlar - ya həmsədrlərin təklifləri ilə razılaşmalı, ya da Azərbaycanla təkbətək döyüşə çıxmalıdırlar.

"İkinci halda onlar ciddi məğlubiyyətə düçar olacaqlar. Çünki artıq 90-cı illərin əvvəlləri deyil, Azərbaycan möhkəmlənib, regionda əsas oyunçuya və dünyanın aparıcı dövlətlərinin hesablaşdığı ölkəyə çevrilib", - Sadıqov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti