...

Cəbhə xəttində atəşkəsin intensiv şəkildə pozulması Ermənistanın təxribatıdır - Azərbaycanın hakim partiyası

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyun 2010 16:56 (UTC +04:00)
Azərbaycanın hakim partiyası bəyan edib ki, cəbhə xəttində atəşkəsin intensiv şəkildə pozulması Ermənistanın qeyri-konstruktiv mövqeyindən irəli gəlir.
Cəbhə xəttində atəşkəsin intensiv şəkildə pozulması Ermənistanın təxribatıdır - Azərbaycanın hakim partiyası

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hakim partiyası bəyan edib ki, cəbhə xəttində atəşkəsin intensiv şəkildə pozulması Ermənistanın qeyri-konstruktiv mövqeyindən irəli gəlir.

"Qoşunların təmas nöqtəsində atəşkəsin pozulmasının səbəbkarı Ermənistan tərəfidir. Məhz Ermənistanın qeyri konstruktivliyi, qoşunların təmas nöqtəsində fitnəkarlığı sülh prosesinə mane olur. Ermənistan diplomatik cəbhədə tam məğlubiyyətə uğrayıb, danışıqlarda Ermənistan tərəfinin hansısa bir dəlili ortaya qoymaq imkanları tükənib", - bunu çərşənbə axşamı Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib.

Son günlər Ermənistan Silahlı Qüvvələri intensiv şəkildə atəşkəs rejimini pozur. Münaqişə zonasında atışmalar nəticəsində hər iki tərəf itki verib.

YAP rəsmisi deyib ki, Azərbaycanın ədalətli mövqeyi bu gün demək olar hamı tərəfindən müdafiə olunmaqdadır.

"Belə bir şəraitdə Ermənistan təmas nöqtəsində atəşkəsi pozmaqla, hərbi əməliyyatlara rəvac verməklə həmin prosesi arxa plana keçirməyə çalışır. Ermənistan danışıqlar prosesində dalana dirəndiyindən, cəbhədə bu cür təxribatlarla prosesə başqa don geyindirməyə cəhd göstərir və göründüyü kimi, Ermənistan tərəfi bu və ya digər formada atəşkəsin Azərbaycan tərəfindən pozulması haqqında məqsədyönlü şəkildə yalan informasiyalar yaymaqdadır. Bu yalanla Ermənistan diplomatik cəbhədəki uğursuzluğu ört-basdır etmək istəyir", - Qurbanlı əlavə edib.

Deputatın sözlərinə görə, Azərbaycan Ordusunun hərbi gücü, qüdrəti, döyüş qabiliyyəti və ermənilərin təxribatına cavab verməsi bizim üstünlüyümüzü bir daha nümayiş etdirir.

"Yenilənmiş Madrid prinsipləri ortadadır. Azərbaycan məsələrə açıq şəkildə yanaşıb və indiki şəraitdə Ermənistanın Madrid prinsiplərinin yenilənmiş variantından imtina etməsi ATƏT-in Minsk qrupu çərçivəsində gedən danışıqlarda ermənilərin qeyri-konstruktiv hərəkətlərə yol verdiyini açıq şəkildə ifadə edir. Buna görə də atəşkəsin pozulmasının günahkarı Ermənistan olmaqla, bu prosesin heç də ermənilərin xeyrinə qurtarmayacağını proqnozlaşdırmaq mümkündür", - YAP funksioneri bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti