...

Ermənistan regionda Türkiyə və Azərbaycan olmadan inkisaf edə bilməz - Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2010 20:21 (UTC +04:00)
Ermənistan Azərbaycan hərbçisinin cəsədini qaytarmamaqla beynəlxalq təşkilatların və beynəlxalq humanitar sahəni əhatə edən müəyyən qanun və qaydaların ziddinə gedir.
Ermənistan regionda Türkiyə və Azərbaycan olmadan inkisaf edə bilməz - Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir Ü.Sadıxova/

Ermənistan Azərbaycan hərbçisinin cəsədini qaytarmamaqla beynəlxalq təşkilatların və beynəlxalq humanitar sahəni əhatə edən müəyyən qanun və qaydaların ziddinə gedir. Bunu çərşənbə günü jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

"Təəssüf olsun ki, ermənilər öz məkrli niyyətlərini və xislətlərini burada da göstərirlər və bununla da həm beynəlxalq təşkilatların, həm də beynəlxalq humanitar sahəni əhatə edən müəyyən qanun və qaydaların ziddinə gedirlər. Burada ermənilər xarakterlərini bir daha göstərirlər. Ancaq mən düşünürəm ki, bu addımla onlar özlərini gözdən salırlar, gec-tez bu məsələ həll olunmalıdır və bununla bağlı lazımi addımlar çox qəti formada atılır və bizim muvafiq strukturlarla işimiz davam edir", - Məmmədov bildirib.

Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı daha ciddi və konkret mövqe nümayiş etdirməlidirlər.

"Azərbaycan əsgərinin cəsədinin qaytarılmaması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı prosesin bir hissəsidir. Və bütün bu prosesdə Ermənistan tərəfi özlərini həddindən artıq özünə güvənən, arxalanan, bu qanunlara məhəl qoymayan kimi aparırlar. Amma Ermənistan rəhbərləri, Ermənistan xalqı bilməlidir ki, onlar indidən bu proseslərdə bu xalqın, bu ölkənin gələcəyini çox böyük bir sual altında qoyurlar, bundan 100 faiz əmin olsunlar ki, bununla onlar heç nə əldə edə bilməyəcəklər. Sadəcə, beynəlxalq təşkilatlar və beynəlxalq dairələr bu məsələ ilə bağlı daha ciddi və konkret mövqe bildirməlidirlər", - Məmmədov deyib.

Beş rayonun qaytarılması nəticəsində Laçın dəhlizinin ermənilərə verilməsi ilə Naxçıvanın yenə də blokadada qalması fikrinə münasibət bildirən şöbə müdiri deyib ki, bu məsələ heç bir vaxt həll olunmamış qalmayacaq.

"Əslində bu gün Ermənistan rəhbərləri sadəcə olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin girovuna çevriliblər. Əgər münaqişə həll olunacaqsa, nə vaxt həll olunur-olunsun, o zaman mütləq Azərbaycanın bir hissəsi olan Naxçıvanla Azərbaycan arasında kommunikasiya və dəhliz açılacaq. Buna heç bir şübhə olmamalıdır", - Məmmədov deyib.

"Çünki Ermənistanın bu dəhlizə bizdən daha çox ehtiyacı var. Məsələ bundadır ki, Ermənistan rəhbərliyi və erməni milləti özlərinin inkişafının qabağına çox böyük maneə qoyublar və uzun müddət inkişafın qarşısını alıblar. Ermənistanın bu regionda Türkiyə və Azərbaycan olmadan inkisafı yoxdur və heç vaxt da ola bilməz. Bunu onlar düşünürlər, amma addım ata bilmirlər", - o əlavə edib.

ATƏT-in xarici işlər nazirlərinin Almatı görüşünə toxunan Məmmədov bu görüşdə istənilən nəticənin əldə edilmədiyini bildirib.

"Amma mən düşünürəm ki, proses dayanmayıb. İndi proses belə bir formadadır ki, dünya ictimaiyyətində bütün dairələr, həm həmsədr ölkələr, həm prezidentler, həm də nazirlər tərəfindən birlikdə bütün addımlar atılır. Ermənistan tərəfi gec-tez cavab verməlidir. Ermənistan tərəfi vaxtı uzatmaq üçün belə addımları tez-tez atır, ancaq beynəlxalq ictimaiyyət, beynəlxalq birlik, həmsədr dövlətlər Ermənistan tərəfindən konkret bir addım atılmasını tələb etməlidirlər. Ermənistan tərəfinin artıq başqa çıxış yolu yoxdur. Təklif edilən Madrid prinsiplərinə cavab verməlidir və biz bunu gözləyirik", - Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Xəbər lenti

Xəbər lenti