...

Rusiya Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyasını davam etdirməyə hazırdır – Prezident Medvedev

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Avqust 2010 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir A.Qasımova/

Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında vasitəçilik missiyasını davam etdirməyə hazırdır. Bu barədə Rusiya Prezidenti Dmitri Medvedev cümə günü Yerevanda Ermənistan prezidenti ilə birgə mətbuat konfransında deyib. Xəbəri "Vesti" telekanalı yayıb.

"Rusiya Federasiyası münaqişənin həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də ikitərəfli əlaqələr çərçivəsində, qarşılıqlı əlverişli razılaşmalar əsasında siyasi həllinin axtarışına kömək edəcək", - Medvedev qeyd edib.

Prezidentin sözlərinə görə, Rusiya üçün regionda sülhün olması və 2008-ci ilin avqust hadisələrinin Qafqazda təkrarlanmaması çox vacibdir. "Regionun böyük dövləti kimi, Rusiyanın vəzifəsi sülhün və qayda-qanunun qorunmasındadır. Bununla yanaşı, bizim özümüzün də KTMT üzvləri ilə müttəfiqlik öhdəliklərimiz var. KTMT-nin üzvlərindən biri Ermənistandır. Yerdə qalan digər məsələlər iştirakçıların bütün öhdəliklərinin göstərildiyi bizim müqaviləmizə əsaslanır ki, Rusiya da buna çox ciddi yanaşır".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.1990-cı illərdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti