Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.Hüseynov/
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradtke (ABŞ) bir daha tərəfləri atəşkəs rejimini pozmamağa çağırıblar. Bu barədə Minsk qrupunun rəsmi bəyanatında deyilir. Məlumatı ATƏT-in saytı yayıb.
Bütün tərəflərin 1994-cü il atəşkəsinə sadiq qaldıqlarını təsdiq etdiyi halda, həmsədrlər bu öhdəliyin əməldə də yerinə yetirilməsinin vacibliyini qeyd ediblər.
Minsk qrupunun həmsədrləri sentyabrın 6-9-da Bakıya, İrəvana və Dağlıq Qarabağa səfər ediblər.
Həmsədrlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və hər iki tərəfin hərbi nümayəndələri təmas xəttindən piyada Xankəndinə keçiblər. Məqsəd bütün tərəflərə 1994-cü ildə imzalanan atəşkəs rejiminə sadiq qalmağın vacibliyini və təmas xəttinin qonşu xalqlar arasında daimi sədd olmamasını nümayiş etdirmək olub. Bu, 2001-ci ilin noyabr ayından ilk belə haldır.
Həmsədrlər sentyabrın sonu, oktyabrın ortalarında əvvəlcə razılaşdırılmış qiymətləndirmə missiyasının Dağlıq Qarabağ ətrafı ərazilərə səfəri ilə bağlı müzakirələr aparıblar.
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın BMT Baş Assambleyasında Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə layihəsinin müzakirəsini təxirə salmaq qərarını alqışlayıb və qeyd ediblər ki, ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli əsas yoldur.
Regiona qayıtmazdan əvvəl qiymətləndirmə missiyasını həyata keçirmək üçün həmsədrlər tərəflərlə BMT Baş Assambleyası çərçivəsində Vaşinqton və Nyu Yorka müzakirələr aparacaq.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.