...

Azərbaycanın işğal altında olan ərazilərinin minalardan təmizlənməsi üçün işə xarici şirkətlər cəlb edilə bilər - ANAMA-nın baş direktoru

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Noyabr 2010 13:31 (UTC +04:00)
Azərbaycanın hazırda Ermənistan tərəfindən işğal olunmuş əraziləri azad ediləndən sonra orada minimum 10 il minatəmizləmə əməliyyatlarının aparılacağı gözlənilir.
Azərbaycanın işğal altında olan ərazilərinin minalardan təmizlənməsi üçün işə xarici şirkətlər cəlb edilə bilər - ANAMA-nın baş direktoru

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hazırda Ermənistan tərəfindən işğal olunmuş əraziləri azad ediləndən sonra orada minimum 10 il minatəmizləmə əməliyyatlarının aparılacağı gözlənilir. Bu barədə cümə axşamı keçirdiyi mətbuat konfransında Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov bildirib.

"Hazırda işğal altında olan ərazilər boşaldıldıqdan sonra təmizləmə işlərinin sürətləndirilməsi üçün bir neçə mümkün variant var. Bunlardan birincisi, bəzi ərazilərin tenderə çıxarılaraq, xarici şirkətlərin ərazilərin təmizlənməsinə cəlb olunmasıdır. İkinci variant Silahlı Qüvvələrin mühəndis qoşunlarının bu əməliyyatlara cəlb olunmasıdır", - İsmayılov deyib.

Hazırda ANAMA 550 nəfər heyətlə ildə 20-22 milyon kvadratmetr sahəni təmizləyir. Mövcud əməliyyat gedən sahələrin 2014-cü ilədək başa çatdırılması nəzərdə tutulur. İşğaldan azad ediləcək ərazilərin təmizlənməsi üçün isə ANAMA personalının sayının dəfələrlə artırılması zəruri olacaq.

Onun sözlərinə görə, hazırda danışıqlar gedir ki, ermənilər əraziləri tərk edəndən sonra minalı sahələrin xəritələrini bizə təqdim etsinlər.

"Ola bilsin ki, bəzi ərazilər onlarla birlikdə təmizlənsin", - ANAMA rəhbəri deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti