Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir R.Hafizoğlu/
ATƏT-in Astana sammitində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hər hansı nəticə əldə olunmasa, danışıqlar prosesində dəyişikliklər ola bilər. Bunu çərşənbə axşamı Trend-ə Ankaradan telefonla Türkiyə Böyük Millət Məclisinin Milliyətçi Hərəkat Partiyasından olan deputatı Şenol Bal bildirb.
"Astana sammitində Dağlıq Qarabağ probleminin həlli istiqamətində hər hansı bir nəticə əldə edilməsə, ehtimal ki, danışıqlar prosesində dəyişiklər ola bilər. Ancaq Astana sammitnin Dağlıq Qarabağ probleminin həlli üçün uğurlu olacağına ümid edirik", - Bal deyib.
ATƏT-in sammiti dekabrın 1-2-də Astanada keçiriləcək. Orada ATƏT üzvü olan 56 ölkənin və 12 tərəfdaş ölkənin dövlət və hökumət başçıları, eləcə də 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak edəcək.
ATƏT-in yüksək səviyyəli sammitləri 1975-ci ildə təşkilatın yarandığı vaxtdan keçirilir. ATƏT-in sonuncu sammiti 1999-cu ildə İstanbulda baş tutub.
Türkiyəli deputat hesab edir ki, Ermənistanın Dağlıq Qarabağ probleminin həlli üçün silahlı mübarizəyə əl atmağa cəsarəti çatmaz.
"Hesab edirəm ki, Ermənistan problemin həlli üçün müharibə yolunu seçsə, həm Azərbaycan, həm də Türkiyə Yerevana lazımı cavabı verəcək", - Bal əlavə edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.