...

Beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı söylədiyi fikirlər artıq yetərli deyil - Prezident Administrasiyasının şöbə müdiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Dekabr 2010 19:50 (UTC +04:00)
Beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı söylədiyi fikirlər önəmlidir, ancaq bu, artıq yetərli deyil.
Beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı söylədiyi fikirlər artıq yetərli deyil - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir T.Hacıyev/

Beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı söylədiyi fikirlər önəmlidir, ancaq bu, artıq yetərli deyil. Bunu jurnalistlərə cümə günü Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

Onun sözlərinə görə, artıq real addımlar atmaq, siyasi iradə ortalığa qoymaq lazımdır və beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün konkret addımlar atmalıdırlar.

"BMT-nin qətnamələrinin və digər beynəlxalq təşkilatların sənədlərinin həyata keçirilmədiyi halda, təbii ki, Azərbaycan digər variantlara əl ata bilər", - Aslanov bildirib.

Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, bu gün Azərbaycan təkcə siyasi cəhətdən ən sabit, iqtisadi cəhətdən ən inkişaf edən dövlət deyil, eyni zamanda, hərbi cəhətdən də regionun ən öndə gedən dövlətidir.

"Qonşu dövlət bunu nəzərə almalıdır və bu fikri daim göz önündə saxlamalıdır ki, Azərbaycan öz əzəli torpaqlarını azad etmək üçün müxtəlif variantlara əl ata bilər", - Aslanov bildirib. O bildirib ki, müxtəlif təşkilatlar münaqişəni dondurulmuş adlandırsalar da, bu, atəşkəs razılığının əldə olunduğu münaqişədir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti