Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan 2011-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində məsuliyyət daşıyan beynəlxalq və regional təşkilatlara təzyiqi artırmaq niyyətindədir.
"Azərbaycan 2011-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə görə məsuliyyət daşıyan beynəlxalq və regional təşkilatlara təyziqi artıracaq", - Trend-ə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
O qeyd edib ki, BMT münaqişənin həlli üzrə indiyə kimi həyata keçirilməyən dörd qətnamə qəbul edib. "Əgər bu təşkilat dünyada ölkələrin ərazi bütövlüyünün qarantıdırsa, Ermənistana müvafiq təyziq göstərməlidir", - Həsənov qeyd edib.
"Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz mövqelərinə sadiqdirlər, lakin bu mövqeyə sadiqlik Azərbaycanın ərazi bütövlüyünün təmininə xidmət etməyib", - o, vurğulayıb.
"Analoji tələbləri Azərbaycan həm ATƏT, həm də üzv olduğumuz digər beynəlxalq təşkilatlara münasibətdə nümayiş etdirir", - Həsənov əlavə edib.
Onun sözlərinə görə, 2011-ci ildə Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təzyiqi artıracaq. "Ya onlar beynəlxalq hüquq normalarını pozan tərəfə əsaslı, təsirli təzyiqlər göstərib bu məsələni həll etməlidirlər, ya da Azərbaycan beynəlxalq hüquq normalarına müvafiq olaraq, öz ərazilərini işğaldan azad etmək üçün malik olduğu bütün resurslardan istifadə edib bu məsələni həll edəcək", - Həsənov bəyan edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.