...

Tənzilə Rüstəmxanlı ermənilərin dəvətini qəbul etməyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2011 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir T.Hacıyev/

"Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ermənilərin Dağlıq Qarabağa səfər etməsi təklifini qəbul etməyib. Bu barədə Trend-ə Rüstəmxanlı özü bildirib.

Onun sözlərinə görə, ermənilər onu bundan öncə Yerevanda keçirilən beynəlxalq konfransa da dəvət etmişdilər, lakin orada da iştirak etməyib. Rüstəmxanlı qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğuna görə, Qarabağa səfər edən hər hansı şəxs Azərbaycan dövlətindən icazə almalıdır.

"Azərbaycanın icazəsi olmadan orada həmin konfransın keçirilməsi belə qanunsuzdur", - Rüstəmxanlı əlavə edib.

Erməni informasiya agentliklərinin yaydığı məlumata görə, ermənilər may ayının 5-də Dağlıq Qarabağda "Qadınlar sülh naminə" proqramı çərçivəsində beynəlxalq konfrans keçirməyi planlaşdırırlar.

Azərbaycandan bu tədbirə "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da dəvət edilib.

Rüstəmxanlı bildirib ki, bundan əvvəl Brüsseldə və Cenevrədə Qarabağda əsir götürülən, itkin düşənlərlə bağlı konfrans keçirilib.

"Biz həmin tədbirə əsaslı materiallar aparmışdıq. Hamısını onlara təqdim etdik. Orada da qərara alındı ki, növbəti konfrans Yerevanda olmalıdır. Mən də Yerevanda iştirakdan imtina etdim. Çünki erməni tərəfi haqsız olduğu halda mövqeyindən geri çəkilmir. Buna görə də Yerevanda keçiriləcək konfransda iştirak etməkdən imtina etdim. Düşünürəm ki, onlarla əməkdaşlıq etməyə ehtiyac qalmır", - o əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti