...

ICAO-nun icazəsi olmadan Ermənistandan Dağlıq Qarabağa uçuşların həyata keçirilməsi mümkün deyil - BMT

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2011 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir M.Əliyev/

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) icazəsi olmadan Ermənistanla Dağlıq Qarabağ (Azərbaycanın işğal olunmuş regionu) arasında uçuşların həyata keçirilməsi üçün yeni dəhlizin açılması haqqında qərar qeyri-qanunidir. Trend-in məlumatına görə, bu barədə şənbə günü BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura jurnalistlərə bildirib.

"ICAO-nun icazəsi olmadan belə uçuşların həyata keçirilməsi mümkün deyil", - Akçura deyib.

Ermənistan tərəfi mayda Xankəndi şəhərində aeroport açmağı planlaşdırır. Cümə axşamı prezident Sarkisyan deyib ki, Xankəndindən uçan təyyarənin ilk sərnişini olacaq.

Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində tikilən Xankəndi aeroportundan istifadə etmək hüququ yoxdur. Bu, bütün beynəlxalq konvensiyalara ziddir və buna heç bir beynəlxalq təşkilat tərəfindən icazə verilməyəcək. Onların sırasında ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) kimi nüfuzlu təşkilat da var. Bu barədə bazar ertəsi "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.

Bu aeroportun fəaliyyət göstərməsi üçün müvafiq sənədlərin alınması və ICAO tərəfindən təsdiqlənməsi lazımdır.

Azərbaycan artıq bu təşkilatı həmin aeroportdan uçuşların həyata keçirilməsinə yol verilməməsi barədə məlumatlandırıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti