Azərbaycan, Bakı, 7 may /Trend, müxbir M.Əliyev/
Azərbaycan Ordusu çox qısa vaxt ərzində onun qarşısında qoyulan vəzifəni yerinə yetirməyə qadirdir. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Azərbaycan Parlamentinin (Milli Məclis) birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.
"Azərbaycanın sülh danışıqları nəticə verməsə torpaqlarını hərbi yolla azad edəcək kimi bəyanatı sadəcə bir ritorika deyil, bu, reallıqdır. Bu gün Azərbaycanın həm hərbi büdcəsi, həm ümumi büdcəsi, həm də Silahlı Qüvvələrin texniki hazırlığı, əsgərlərin döyüş hazırlığı deməyə imkan verir ki, biz çox qısa müddət ərzində torpaqları azad edə bilərik", - Əsgərov bildirib.
Onun sözlərinə görə, amma yenə də müəyyən qədər ümid var ki, danışıqlar prosesi hansısa bir nəticə verə bilər.
"Lakin görsək ki, Ermənistan tərəfi yenə imitasiya ilə məşğuldur, sadəcə danışıqlar xatirinə danışıqlara gedir, vaxtı uzadır, inanın ki, Azərbaycan Ordusu çox qısa vaxt ərzində onun qarşısında qoyulan vəzifəni yerinə yetirməyə qadirdir", - Əsgərov əlavə edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Azərbaycan Ordusu çox qısa vaxt ərzində qarşısında qoyulan vəzifəni yerinə yetirməyə qadirdir - birinci vitse-spiker
Azərbaycan Ordusu çox qısa vaxt ərzində onun qarşısında qoyulan vəzifəni yerinə yetirməyə qadirdir.
