ABŞ, Rusiya və Fransa prezidentləri Dovildə keçirilən "səkkizlik" sammiti çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat qəbul edəcəklər.
Trend-in məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusu da sammitin beynəlxalq gündəliyindədir. Onunla bağlı Dovildə birgə üçtərəfli bəyanat hazırlanır. Bu barədə Rusiya Prezidentinin köməkçisi Sergey Prixodko məlumat verib. Məlumatı RİA Novosti yayıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.