...

Kazan görüşü Dağlıq Qarabağ nizamlamasında hüdud rolunu oynayacaq - Rusiya XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyun 2011 13:35 (UTC +04:00)
Rusiya Prezidenti Dmitri Medvedevin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarksiyanın görüşü Dağlıq Qarabağ nizamlamasında hüdud rolunu oynayacaq. Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Kazan görüşü Dağlıq Qarabağ nizamlamasında hüdud rolunu oynayacaq - Rusiya XİN

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Rusiya Prezidenti Dmitri Medvedevin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarksiyanın görüşü Dağlıq Qarabağ nizamlamasında hüdud rolunu oynayacaq. Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Gözləyirik ki, Bakı və Yerevan mayın 26-da Dovildə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatına konstruktiv yanaşacaqlar. Bəyənatda Azərbaycan və Ermənistan liderlərinə siyasi iradə göstərmək və Kazan sammiti zamanı Dağlıq Qarabağ nizamlamasının əsas prinsipləri layihəsi üzərində müzakirələri başa çatdırmaq çağırışı əks olunub", - XİN-in rəsmi saytındakı məlumatda deyilir.

Məlumatda deyilir ki, Kazanda müzakirə ediləcək sənəd tərəflərin və həmsədr ölkələrin birgə işinin mühüm dövrünün nəticəsidir, irəliyə hərəkət etmək və ümumi qəbul edilən sülh sazişinin sonradan hazırlanması üçün real əsasdır.

"Ümid edirik ki, tərəflər bu əsasda sülh, çiçəklənmə və bütün regionun inkişaf maraqları naminə razılığa gələcəklər", - məlumatda deyilir.

İyunun 24-də Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ üzrə üçtərəfli görüşü keçiriləcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti