...

Araz Əzimov: Ermənistan öz addımları ilə münaqişəni sülhlə həll etməyə hazır olan dövləti itirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Sentyabr 2011 16:24 (UTC +04:00)
Ermənistan öz addımları ilə hələ də münaqişəni sülh yolu ilə həll etməyə hazır olan dövləti itirir.
Araz Əzimov: Ermənistan öz addımları ilə münaqişəni sülhlə həll etməyə hazır olan dövləti itirir

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir M.Əliyev/

Ermənistan öz addımları ilə hələ də münaqişəni sülh yolu ilə həll etməyə hazır olan dövləti itirir. Trend-in məlumatına görə, bunu şənbə günü Bakıda keçirilən Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Əzimov danışıqlarda hazırda durğunluğun müşahidə olunduğunu qeyd edib.

"ATƏT-in Minsk qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatların nümayəndələri, əlbəttə, çalışacaqlar ki, nə isə edilsin, lakin mənim öz müşahidəm ondan ibarətdir ki, ənənəvi olaraq vasitəçilər asan yolu seçməyə çalışırlar. Ehtimal edirəm ki, vasitəçilərin də imkanı məhduddur", - Əzimov deyib.

Nazir müavini bildirib ki, bu yaxında əldə etdikləri məlumatlara görə, Ermənistan qonşuluqda yerləşən bəzi ölkələrdən çox əhəmiyyətli miqdarda hücum xarakteri daşıyan silahlar tədarük edib.

"Bunların sırasında raket başlıqları, digər raketlər, tank əleyhinə silahlar, 78 min Kalaşnikov avtomatı və digər silahlar var. Sual yaranır - bu dövlət müharibəyəmi hazırlaşır, danışıqlaramı?" - Əzimov deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinə təcrid olunmuş şəkildə deyil, Cənubi Qafqaz strategiyası prizmasından baxmaq lazımdır.

"Bu, tək ermənilər və azərbaycanlılar arasında olan yerli bir münaqişə deyil, bu, siyasi siyasi cəhətdən yaxşı istifadə olunmuş, manipulyasiya olunmuş, idarə olunan münaqişədir. Cənubi Qafqazdakı ölkələrə sahiblik etmək arzusu hələ də mövcuddur. Başa düşürəm ki, bu oyunlar hələ də başa çatmayıb. Geosiyasi cəhətdən məsələni təhlil edərək Azərbaycanın ərazi bütövlüyünün təmin olunması beynəlxalq təhlükəsizlik baxımından önəmli məsələdir", - Əzimov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti