Azərbaycan, Bakı, 17 dekabr/Trend/
Amerikanın "The New York Times" qəzeti Azərbaycanın ABŞ-dakı səfirliyinin bu yaxınlarda qəzetdə Dağlıq Qarabağ haqqında "The National Womb" sərlövhəli qərəzli məqalənin çıxması ilə bağlı etiraz məktubunu dərc edib.
Məktubda qeyd edilir ki, Dağlıq Qarabağ əvvəl dərc edilən məqalədə deyildiyi kimi "mübahisəli ərazi" və ya respublika deyil, o, Ermənistan tərəfindən işğal edilən və beynəlxalq birlik tərəfindən tanınan Azərbaycanın ayrılmaaz tərkib hissəsidir.
Məktubda vurğulanır ki, Azərbaycan ərazilərinin işğal faktı və işğal olunmuş ərazilərdən 750 min Azərbaycan vətəndaşının didərgin salınması geniş təsdiqini tapıb və BMT Təhlükəsizlik Şurası tərəfindən pislənilib.
Məqalədə, həmçinin, işğal altında olan Azərbaycan ərazilərində separatçı rejim tərəfindən həyata keçirilən "uşaq doğumunun həvəsləndirilməsi proqramı" barədə bəhs edilib.
"Regionda uşaqların doğumuna gəlincə, uşaqların təhlükəsiz və firəvan gələcəyinin təmin olunmasının ən yaxşı yolu Dağlıq Qarabağda demoqrafik vəziyyəti süni şəkildə dəyişmək deyil, uzanan Ermənistan-Azərbaycan münaqişəsinin həllidir" , - məktubda deyilir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.