Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbirlər V.Javoronkova, E.Tarıverdiyeva/
"British Aerospace" şirkətinin (BAE) bir müddət əvvəl ayrılmış "Falco" adlandırılan və BAE aktivlərinin satışına cavabdeh olan hissəsi bəyan edib ki, separatçı Dağlıq Qarabağın yeni aeroportunu təyyarələrlə təmin etməyəcək. Bu barədə Trend-ə şirkətin nümayəndəsi Devid Dorman məlumat verib.
Bir az əvvəl Ermənistan KİV-in verdiyi məlumata görə, tanınmamış separatçı respublikanın inzibati mərkəzi olan Xankəndindəki aeroportda "British Aerospace" şirkətinin istehsalı olan təyyarələr xidmət göstərəcəklər.
"Mən qətiyyətlə bəyan edə bilərəm ki, bu məlumat tamamilə yalandır, - Dorman deyib. - Nə BAE Systems-in özü, nə də yeni yaranan "Falco" şirkəti öz təyyarələrindən heç birini nə Azərbaycana, nə Ermənistana, nə də separatçı Dağlıq Qarabağa icarəyə verməyib".
Lakin şirkətin nümayəndəsi bildirib ki, bu təyyarələrin bazarda çoxlu sayda satıcısı və icarəçiləri var ki, nə "BAE Systems", nə də "Falco" onların fəaliyyətinə nəzarət edə bilməz.
Bununla yanaşı, Dorman bəyan edib ki, "Ascend" təşkilatının hava gəmilərinin ümumdünya müstəqil məlumat bazasında separatçı Dağlıq Qarabağa BAE Systems-in təyyarələrinin satılmasına dair məlumat yoxdur.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.