...

20 yaşlı Xocalı sakini Fransa və Ermənistan prezidentlərinə açıq məktub ünvanlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2012 11:09 (UTC +04:00)
Xocalı sakini, 20 yaşlı Zərifə Quliyeva Fransa Prezidenti Nikola Sarkozi və Ermənistan prezidenti Serj Sarqsyana məktub ünvanlayıb.
20 yaşlı Xocalı sakini Fransa və Ermənistan prezidentlərinə açıq məktub ünvanlayıb

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir M.Əliyev/

Xocalı sakini, 20 yaşlı Zərifə Quliyeva Fransa Prezidenti Nikola Sarkozi və Ermənistan prezidenti Serj Sarqsyana məktub ünvanlayıb.

"Sizə bu məktubu yazan Azərbaycanın Qarabağ bölgəsindən, viranə şəhər Xocalıdan olan azərbaycanlı Zərifə Quliyevadır. Mənim 20 yaşım var. Ötən əsrin ən dəhşətli faciələrindən birinin - Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı soyqırımın törədilməsindən elə bu qədər vaxt keçir. Xocalı adı Sizə tanışdırmı? 1992-ci il fevralın 26-da Azərbaycanın bu qədim yaşayış məntəqəsində işğalçı erməni silahlı dəstələri tərəfindən törədilmiş dəhşətli cinayət nəticəsində 613 nəfər öldürülmüş, 1275 adam əsir götürülmüş, 150 nəfər itkin düşmüş, 487 adam qəddarlıqla şikəst edilmişdir. Bu insanların yeganə "təqsiri" onların azərbaycanlı olması idi. Siz deyin, əgər bu, SOYQIRIM deyildirsə, onda SOYQIRIM nəyə deyilir?", - Quliyeva Fransa Prezidenti Nikola Sarkoziyə ünvanladığı məktubda bildirib.

Məktubda daha sonra qeyd olunur:

"Əgər Siz bəşəriyyətə qarşı törədilmiş bu cinayəti xarakterizə edən sözlər seçməkdə çətinlik çəkirsinizsə, Sizə deyə bilərəm ki, Xocalı İkinci Dünya müharibəsi illərində alman faşistləri tərəfindən praktiki olaraq yerlə-yeksan edilmiş Çexiyanın Liditse şəhəri ilə qardaşlaşmışdır. Bu, son dərəcə ibrətamiz faktdır: bəşəriyyətə qarşı cinayətlərin dəhşətləri ilə üzləşmiş iki şəhər qardaşlaşmışdır.

Mən bilirəm ki, Siz xoşbəxt ər və xoşbəxt atasınız. Sizin gözəl xanımınız Karla Bruni 2011-ci il oktyabrın 19-da Sizə Cüliya adlı bir qız bəxş etmişdir. Mən bu balaca qızın sağlam və xoşbəxt böyüməsini Allahdan arzu edirəm. Bunun üçün onun hər cür imkanı vardır. Sizdən isə bunu nəzərə almağınızı xahiş edirəm ki, erməni faşistlər tərəfindən Xocalıda məhv edilmiş insanlar arasında 106 qadın və 63 uşaq olmuşdur. Səmimiyyətimə inanın ki, ağlım kəsəndən bir suala cavab tapa bilmirəm: Görəsən, qaniçən cəlladların əli ilə qətlə yetirilmək dəhşətlidir, yoxsa, Xocalıda həlak olmuş və həmişəlik orada qalmış atamı daha heç vaxt qaytara bilməyəcəyimi başa düşərək yaşamaq?! Zənnimcə, Siz bir ata olaraq, uşağın atasız böyüməsinin, onun həyatda öz dayağını, valideynlərindən birini itirməsinin nə demək olduğunu təsəvvür edə bilərsiniz. Xocalıda mənim atamla bərabər, azyaşlı qardaşımı, nənəmi, əmilərini və dayılarımı da öldürmüşlər. Ümumiyyətlə, bizim ailə o dəhşətli gecədə 22 nəfər itirmişdir".

Quliyeva məktubda sonra vurğulayır:

"Bizi anamız böyütmüşdür. O, bizi tərbiyə etmiş, bizə həyatda ən vacib keyfiyyətlər aşılamışdır. Biz Xocalını heç vaxt unutmayacağıq, çünki o dəhşətli gecədə anamın aldığı 4 güllə yarası və indiyə qədər bədənində gəzdirdiyi qəlpələr daim özünü hiss etdirir. Bu qəlpələr anamın ömrünü qısaldır, Xocalı dəhşətlərini hər gün xatırlamağa məcbur edir. Biz - Xocalı sakinlərinin hər birinin qəlbində bu cür qəlpə yaraları vardır.
Cənab Prezident, məncə, bunu da bilmək Sizin üçün maraqlı olar ki, azərbaycanlı jurnalist Çingiz Mustafayevlə bərabər, Xocalı faciəsi törədilən yerdə olmuş rusiyalı telereportyor Yuri Romanov özünün "Mən müharibəni çəkirəm" adlı kitabında dinc sakinlərin həlak olduğu yerə gəldikləri anı belə xatırlayır: "Mən helikopterin illüminatorundan baxıram və oradan gördüyüm, ağlasığmaz dərəcədə dəhşətli mənzərə, sözün həqiqi mənasında məni sarsıdır. Qar topalarının, qışdan qalmış sırsıraların əridiyi dağ yamacının kölgə yerindəki saralmış otun üzərində insan cəsədləri sərilmişdir. Böyük bir ərazidə qadınların, qocaların, qarıların, südəmər körpədən başlamış yeniyetməyə qədər müxtəlif yaşlı oğlan və qızların cəsədləri səpələnmişdir. Meyitlər arasında iki fiqur insanın qəlbini parçalayır. Bunlardan biri nənə, digəri balaca qızcığazdır. Ağ saçlı, başı açıq nənə əynində göy rəngli gödəkcə olan balaca qızcığazın yanında üzü üstə uzanmışdır. Nədənsə, onların ayaqlarını tikanlı məftillə bağlamışlar. Nənənin əlləri də bağlıdır. Hər ikisi başından güllə ilə vurulmuşdur. Təxminən 4 yaşı olan qızcığaz həyatının son anında əllərini artıq öldürülmüş nənəsinə tərəf uzatmışdır. Bu səhnədən o qədər sarsıldım ki, kamera da dərhal yadıma düşmədi...".

Məktubda daha sonra yanğıyla qeyd olunur:

"Cənab Sarkozi, çox istərdim ki, Siz bu xatirələri oxuyandan sonra mən Sizin gözlərinizə baxım. Əminəm ki, mən o gözlərdə başqasının dərdinə şərik olmağı bacaran mərd insanın göz yaşlarını və ürək ağrısını görərdim. Buna görə də ümid edirəm ki, Siz Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımına layiqli və ədalətli qiymət verə biləcəksiniz.
İnanmaq istərdim ki, Siz və başçılıq etdiyiniz "Xalq hərəkatı uğrunda ittifaq" partiyası Xocalıda törədilmiş soyqırımının tanınması haqqında qanuna Fransa Senatında baxılması barədə təşəbbüs qaldıracaqsınız. Bununla Siz Azərbaycanda haqqınızda yaranmış fikri dəyişdirər və Sizin Fransadakı erməni diasporundan və erməni lobbisindən birbaşa asılı olmağınız barədə deyilənləri təkzib edərsiniz. Xüsusən Siz 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri ermənilərə qarşı soyqırımı hesab etməyən hər kəsin həbs edilməsi və cərimələnməsi barədə qanun layihəsinin qəbul edilməsi təşəbbüsü ilə çıxış edəndən sonra Azərbaycan xalqında Sizin haqqınızda bu cür fikir yaranmışdır.

Prezidentlər vəzifəyə gəlirlər və gedirlər, amma siyasətçilərin adları onların hərəkətləri sayəsində tarixdə qalır. Xocalıda dinc Azərbaycan əhalisinə qarşı soyqırımının təqsirkarlarına Fransa Senatı tərəfindən ədalətli qiymət verilməsi barədə şəxsi təşəbbüsünüz Sizin adınızın Azərbaycan-Fransa münasibətləri tarixində qalması üçün gözəl bir fürsət olar.
Belə bir addım atmağın Sizin üçün nə qədər çətin olacağını başa düşürəm. Lakin Sizə bunu bildirməyi özümə rəva görürəm ki, "Human Rights Watch" beynəlxalq hüquq-müdafiə təşkilatı Xocalı faciəsini "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən böyük qırğın" adlandırmışdır. Bu təşkilatın fikrincə, erməni silahlı dəstələri mülki şəxslərin öldürülməsinə görə birbaşa məsuliyyət daşıyırlar.
Zaman sürətlə keçir. Tamamilə mümkündür ki, mənim öz doğma torpağımı görmək imkanından məhrum halda yaşadığım 20 ildən sonra, Xocalıda soyqırımının törədilməsindən 20 il sonra insanlığa qarşı bu cinayət bütün dünyada tanınacaqdır. Beləliklə, indi seçim Sizindir. Tarixdə ədalətin zəfər çalmasına kömək etmiş siyasətçi kimi, yoxsa, cinayəti cinayət adlandırmağa qorxaraq yalnız öz şəxsi mənafelərini üstün tutmuş bir adam kimi qalmaq məsələsini Siz və yalnız Siz həll edə bilərsiniz".

Zərifə Quliyeva Ermənistan Prezidenti Serj Sarkisyana ünvanladığı məktubda isə bunları qeyd edir:

"Bu məktubu sizə yazan Azərbaycanın Qarabağ bölgəsindən, indi kabusa çevrilmiş Xocalı şəhərindən olan azərbaycanlı Zərifə Quliyevadır. Xocalı adı yəqin ki, Sizə tanışdır. Özü də təkcə ona görə yox ki, Siz özünüz tarixən Azərbaycan şəhəri, sovet dövründə Azərbaycan SSR-in tərkibinə Stepanakert adı ilə daxil olmuş Xankəndidə doğulmusunuz. Həm də ona görə yox ki, Xocalı elə özünüzün dediyiniz kimi, "sizin torpaq olmayan" tarixi Ağdam şəhərinin yaxınlığında yerləşir. Yeri gəlmişkən, Sizin dəfələrlə, o cümlədən 2009-cu ildə Yerevanda, Azərbaycan və Ermənistan ziyalılarının nümayəndələri ilə görüşdə söylədiyiniz bu fikir Ağdamın adının dəyişdirilərək Akne adlandırılmasına mane ola bilməmişdir.

Əminəm ki, bir fakt da Sizə məlumdur: 1992-ci il fevralın 26-da Ermənistanın işğalçı silahlı dəstələri tərəfindən Azərbaycanın bu yaşayış məntəqəsində törədilmiş dəhşətli cinayət nəticəsində 613 adam öldürülmüş, 1275 nəfərdən çox əsir götürülmüş, 150 adam itkin düşmüş, 487 nəfər şikəst edilmiş və əlil olmuşdur.
Əgər Siz insanlığa qarşı törədilmiş bu cinayəti səciyyələndirən sözlər seçməkdə çətinlik çəkirsinizsə, deyə bilərəm ki, Xocalı Çexiyanın İkinci Dünya müharibəsi illərində alman faşistləri tərəfindən praktiki olaraq yer üzündən silinmiş Liditse şəhəri ilə qardaşlaşmışdır".

20 yaşlı Xocalı sakini Ermənistan Prezidentinə bir sıra xatırlatmalar edib:

"Sizə onu da xatırlatmaq istərdim ki, "Human Rights Watch" beynəlxalq hüquq-müdafiə təşkilatı Xocalıda törədilmiş faciəni "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən böyük qırğın" adlandırmışdır. Bu təşkilat bildirmişdir ki, erməni silahlı dəstələri mülki şəxslərin həlak olmasına görə birbaşa məsuliyyət daşıyırlar.

Bu dəhşətli cinayətin, dinc Azərbaycan əhalisinə qarşı bu soyqırımının törədildiyi vaxtdan artıq 20 il keçir. Əslən Xocalıdan olan mən Zərifə Quliyevanın yaşı da bu qədərdir.
Xocalıda mənim azyaşlı qardaşım, nənəm, dayılarım, əmilərim öldürülmüş, ümumiyyətlə bizim ailə 22 nəfər üzvünü itirmişdir. Bizi anamız böyütmüş, tərbiyə etmişdir. Həyatda ən böyük keyfiyyəti - Vətənə məhəbbəti və insan həyatının dəyərini anlamaq keyfiyyətini bizə o, aşılamışdır.

Bizə bu dəyərləri aşılamış qadının bədənində 4 güllə yarası və erməni silahlılarının əməllərinin nəticələrini ona hər gün xatırladan qəlpələr vardır. Bu qəlpələr Xocalı dəhşətlərini hər an xatırlamağa məcbur edir. Belə qəlpələri biz Xocalı sakinlərinin hər biri qəlbində gəzdirir. O qəlpələr həmin faciəni unutmağa imkan vermir. Bu faciənin təqsirkarları Azərbaycanın dinc əhalisinə qarşı soyqırımı törətmiş erməni silahlılarıdır.
Mən özüm barədə danışdım. Sizin barədə də bilirəm. Məsələn, mənə məlumdur ki, Sizin iki qızınız var: Anuş və Satenik. Onlar gələcəyin analarıdır. İndi isə özünüz cavab verin və qızlarınızdan soruşun: erməni faşistlərin Xocalıda məhv etdikləri 106 qadının və 63 uşağın təqsiri nə idi?!

Bu suala özünüz cavab verin və qızlarınızdan soruşun - onlar özlərinin doğmalarından və yaxınlarından kiməsə belə dəhşətli faciəni arzulayardılarmı?!

Mən britaniyalı jurnalist Tomas de Vaalın "Qarabağ - Qara bağ" kitabını oxumuşam. Orada belə bir epizod var: "Sarkisyan baş vermiş hadisələr barədə daha səmimi və daha sərt fikir söylədi: "Lakin mənim fikrimcə əsas məsələ tamam başqa idi. Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmağa nail olduq".
Siz bu kitabı oxumaq üçün qızlarınıza vermisinizmi, cənab Sarkisyan? Düşünmürəm ki, onlar ermənilər arasında da bütün dinlərdə və dünyanın bütün xalqlarında ehtiram bəslənilən humanizm, insansevərlik, başqasının dərdinə acımaq kimi keyfiyyətlərə malik adamlar olmasına azərbaycanlıların inamını qırmaq üçün atalarının dinc qadınların, uşaqların və qocaların öldürülməsini yaxşı bir fürsət kimi qiymətləndirməsinə sevinsinlər.
Tomas de Vaalın həmin kitabında daha bir məqam var: "Ermənilərin hərbi sərkərdəsi Serj Sarkisyandan Xocalının tutulması barədə danışmasını xahiş edəndə, o, ehtiyatla belə cavab vermişdir: "Biz bu barədə bərkdən danışmamağı üstün tuturuq".

Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı törədildiyi vaxtdan 20 il keçir. Cənab Sarkisyan, mənə belə gəlir ki, bu dəhşətli cinayət haqqında ucadan danışmağın vaxtıdır.
Əgər məhz Siz Xocalı soyqırımına ədalətli qiymət versəydiniz, bu cinayətin törədilməsində erməni silahlılarının təqsirini etiraf etsəydiniz, daha düzgün olardı. Mən Sizdən öz xalqınızın törətdiyi cinayətlərə görə dərin peşmançılıq əlaməti kimi, 1970-ci il dekabrın 7-də Varşava gettosunda, vaxtilə yəhudilərin Treblinka və Osvensim ölüm düşərgələrinə yola salındığı yerdə nasizm qurbanlarının xatirəsinə ucaldılmış abidə qarşısında diz çökmüş AFR kansleri Villi Brandtın hərəkətini təkrarlamağınızı xahiş etmirəm".

Quliyeva daha sonra məktubda bildirir:

"Mən yalnız onu xahiş edirəm ki, Siz Xocalıda Azərbaycanın dinc əhalisinə qarşı soyqırımı törədilməsində erməni tərəfin təqsirini etiraf edəsiniz. Bu addım Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində tamamilə yeni bir səhifə ola bilər. Bu addım bizim ölkələr və xalqlar arasında 20 il bundan əvvəl Xocalıda soyqırımı törədənlərin atəş açdığı etimad mühitini bərpa edə bilər.

Mən buna da əminəm ki, dünya ictimaiyyəti Xocalıda Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş soyqırımına ədalətli qiymət verəcəkdir. Həmçinin ona da əminəm ki, münaqişələr əbədi olmur və qonşu xalqlar gec-tez sülh və qarşılıqlı etimad şəraitində yaşayacaqlar. Bunun Sizin iştirakınızla, yaxud Sizsiz baş verməsi isə yalnız Sizdən asılıdır.

Siz tarixdə öz xalqının əvvəlki səhvlərinə görə təqsirini etiraf etməyə cəsarəti çatmış, ədalətin təntənəsinə və xalqlarımız arasında sülhün bərqərar olmasına kömək etmiş bir siyasətçi kimi, yaxud cinayəti cinayət adlandırmağa qorxaraq yalnız şəxsi mənafelərini üstün tutmuş, daha dəqiq desək, bu barədə fikrini ucadan söyləməməyi üstün tutmuş bir siyasətçi kimi qalmaq məsələsini yalnız Siz özünüz həll edə bilərsiniz".

Xəbər lenti

Xəbər lenti