Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir E.Mehdiyev/
"Xocalıya ədalət" kampaniyası 2012-ci il üçün tədbirlər proqramını açıqladı.
Hazırda Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar "Xocalıya Ədalət" kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində Xocalı faciəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərin keçirilməsi planlaşdırılır. Bunu Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirdiyi mətbuat konfransında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov deyib.
Onun sözlərinə görə, aksiyalar 50-dən artıq ölkədə keçirilir və builki aksiyalar kampaniya başlayandan bəri ən kütləvi xarakterə malikdir.
"Buna bir neçə amil təsir göstərib. İKGF-nin təşəbbüsü ilə 51 ölkənin parlament nümayəndələrinin Xocalı qırğınını soyqırım aktı kimi tanıması kampaniya fəalları üçün böyük motivasiya rolunu oynadı və digər ölkələrin parlamentləri tərəfindən tanınması üçün platforma yaratmış oldu", - İsgəndərov deyib.
O, qeyd edib ki, digər amil builki aksiyaların Xocalı qırğını hadisələrinin 20 illiyi ilə üst-üstə düşməsi oldu ki, bu da tədbirlərə əlavə kütləvilik verdi.
Onun sözlərinə görə, tədbirlərin daha kütləvi xarakter almasının növbəti amili isə bu ildən kampaniyaya istər diaspor, istərsə də xarici ictimai təşkilatları təmsil edən daha çox və yeni təşkilatların qatılması faktı oldu.
"Bu ilin 14 fevral tarixindən başlayaraq Niderland, Polşa, Macarıstan, İsveçrə, BƏƏ, Ukrayna, Türkiyənin bir sıra şəhərlərində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində konfranslar, "dəyirmi masa"lar, rəsm sərgiləri, etiraz nümayişləri və digər məlumatlandırma aksiyaları keçirilib. Bu tədbirlər içərisində Hollandiyada parlamentə yönəlmiş və Xocalı qırğınına hüquqi qiymət verilməsini tələb edən müraciətə 1 milyon imzanın toplanmasını, həmçinin Budapeştdə Xocalı faciəsinin ilk dəfə hüquqi məsuliyyət prizmasından nəzərdən keçirildiyi konfransı qeyd etmək olar", - İsgəndərov deyib.
O, vurğulayıb ki, bu həftədən başlayaraq dünyanın 35 ölkəsindən olan 50 şəhərində bu aksiyaların keçirilməsinə start veriləcək.
İsgəndərov bildirib ki, fevralın 24-də Bosniya və Hersoqovinanın Sarayevo şəhərində Xocalı və Srebrenitsa qətliamları qurbanlarının xatirəsini əbədiləşdirən abidələrin açılış mərasimi olacaq.
Açılış mərasimində "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı Leyla Əliyeva, eləcə də Bosniya və Hersoqovina hökümətinin nümayəndələrinin iştirak edəcəyi gözlənilir. Proqram çərçivəsində Dobrınya gimnaziyasının tələbələri üçün "Xocalı" filmi nümayiş etdiriləcək.
Fevralın 28-də Moskvada Avropa kinematoqrafçıları tərəfindən çəkilmiş və Xocalıya həsr olunmuş filmin "Xocalıya Ədalət" kampaniyası çərçivəsində təqdimatı keçiriləcək.
Fevralın 22-29-da Buxarestdə Rumıniya Yazıçılar İttifaqı və Diplomatik Akademiyada Xocalı faciəsinə həs olunmuş konfransların keçirilməsi planlaşdırılır. Eləcə də 26 fevral tarixində Buxarestin mərkəzi meydanında əhaliyə Xocalı qırğını ilə bağlı məlumat broşürləri və fotoların paylanması gözlənilir.
Fevralın 24-də Kanadanın Ottava, Toronto və Monreal şəhərlərində fəaliyyət göstərən Azərbaycan icmalarının iştirakı ilə ölkə parlamentinin, eləcə də Ermənistanın bu ölkədəki səfirliyinin qarşısında etiraz mitinqi keçiriləcək.
Fevralın 23-26-da Almaniyanın paytaxtında "Almaniyada Xocalı günləri" proqramı çərçivəsində alman professoru R.Kipkenin "Azərbaycan-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi", kanadalı alim S.Teylorun "Uzlaşmayan ziddiyyətlər: Türkiyə, Ermənistan və Azərbaycan" kitabının təqdimatı keçiriləcək. Bundan başqa "Xocalı uşaqların gözləri ilə", "Ağdam ruhlar şəhəri" rəsm sərgisinin, "Biz geri qayıdacağıq" bədii filminin göstərilməsi planlaşdırılır.
Fevralın 26-da Estoniyanın paytaxtı Tallində keçirilməsi planlaşdırılan tədbirlər arasında AŞ-nin Azərbaycan üzrə həmməruzəçisi, "Azərbaycan məktubları" adlı kitabın müəllifi A.Herkelin çıxış edəcəyi beynəlxalq konfrans keçiriləcək. Adıçəkilən tədbirdə Avropa Parlamentinin 5 deputatının da iştirakı gözlənilir.
Fevralın 26-da İstanbulda ASAIF cəmiyyətinin təşkilatıçılığı və "Xocalıya Ədalət" kampaniyasının əməkdaşlığı ilə Taksim meydanında "Biz hamımız xocalılıyıq" şüarı altında minlərlə insanın iştirakı ilə etiraz nümayişi keçiriləcək. Nümayişdə Azərbaycan və Türkiyə millət vəkillərinin iştirakı gözlənilir.
Fevralın 27-də Fransanın paytaxtında Fransa Milli Assambleyasının binasında "Xatirə səciyyəli qanunlar və bilinməyən soyqırımlar" adlı beynəlxalq konfrans keçiriləcək. Tədbirdə fransalı senatorların, bu ölkədə akkreditə olunmuş səfirlik nümayəndələrinin, eləcə də bir sıra alimlərin iştirakı gözlənilir.
Fevralın 23-24-də Kiyevdə Ukrayna Azərbaycanlı Gənclər İttifaqının təşkilatçılığı ilə kampaniya çərçivəsində Xocalı faciəsi haqqında Ukrayna ictimaiyyətini məlumatlandırmaq məqsədilə Kiyevdə film nümayişi, həmçinin Kiyevdəki BMT və ATƏT nümayəndəlikləri qarşısında etiraz aksiyası keçiriləcək.
Fevralın 28-də Brüsseldə "Renaissance" hotelində Xocalı qırğınına həsr olunmuş "dəyirmi masa"nın keçirilməsi gözlənilir. Yerli siyasətçilər və KİV nümayəndələrinin iştrak edəcəyi tədbirdə Azərbaycanın millət vəkili Rövşən Rzayev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, o cümlədən Xocalı faciəsinin şahidi Anar Usubov çıxış edəcəklər. Tədbir çərçivəsində Dağlıq Qarabağdan olan uşaqların çəkdikləri rəsm əsərlərində ibarət sərgi təşkil olunacaq.
Həmin gün Avropa Komissiyasının qarşısında Şuman meydanında Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı qırğınına qaşı etiraz edənlərin nümayişi keçiriləcək. Onların adından Avropa Parlamentinə, eləcə də Belçika Parlamentinin deputatlarına müraciət göndərilməsi planlaşdırılır.
Eyni zamanda qeyd etmək lazımdır ki, kampaniyanın Facebook səhifəsinə dəstək verən istifadəçilərin sayı 50-dən artıq ölkədən olmaqla 30.000 nəfəri keçib.
Bu tədbirlər Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən "Xocalıya Ədalət" kampaniyası çərçivəsində həyata keçirilir. Hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir.