...

İstanbulun Taksim meydanında Xocalı soyqırımı ilə bağlı mitinq keçirilir (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2012 16:51 (UTC +04:00)
Fevralın 26-da İstanbuldakı Taksim Meydanında "Hamımız xocalılıyıq, hamımız qarabağlıyıq" adlı mitinq keçirilir.
İstanbulun Taksim meydanında Xocalı soyqırımı ilə bağlı mitinq keçirilir (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:36-da yayılıb)

Türkiyə, İstanbul, 26 fevral /Trend müxbir R.Hafizoğlu, K.Zərbalıyeva/

Fevralın 26-da İstanbuldakı Taksim Meydanında "Hamımız xocalılıyıq, hamımız qarabağlıyıq" adlı mitinq keçirilir.

Trend-in İstanbula ezam olunmuş əməkdaşlarının məlumatına görə, əvvəlcə "Qalatasaray" liseyindən meydana "ədalət yürüşü" olub, sonra Taksim Meydanında mitinq başlayıb. Yürüşdə zamanı türk marşları və "Qarabağ bizimdir, bizim olacaq" şüarları səsləndirilib.

Türkiyə Böyük Millət Məclisinin üzvləri, siyasi partiya nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və qardaş ölkə ictimaiyyətinin qatıldığı aksiyada Azərbaycandan gələn minlərlə vətəndaşlar da iştirak edir.

Türkiyəyə səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin üzvləri, diaspor təşkilatları və QHT rəhbərləri daxildir.

Mitinqdə Azərbaycan və Türkiyə bayraqları tutan insanlar "Qarabağa dəstək", "Hamımız xocalılıyıq, hamımız qarabağlıyıq!", "Vətən bölünməz, şəhid ölməz", "Erməni yalanlarına səssiz qalmayaq" şüarları səsləndirirlər.

Mitinq zamanı Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın tanınmış müğənnisi Azərin Azərbaycanın və Türkiyənin Dövlət himniləri, həmçinin "Çırpınırdı Qara dəniz" mahnısını ifa edib.

Mitinqdə hamı bir səslə "Hamımız xocalılıyıq", "Qarabağ bizimdir bizim olacaq", "Bir millət iki dövlət - Qarabağa ədalət", "Xocalıya ədalət" səsləndiriblər. Mitinqdə qeyd olunub ki, Qarabağla bağlı ədalət bərpa olunmalıdır və bu işdə Azərbaycan xalqı tək deyil.

"Bütün türk dünyası Azərbaycan türklərinin yanındadır. Xocalıda törədilən soyqırım siyasətinə hüquqi-siyasi qiymət verilməlidir", - mitnqdə səsləndirilib.

Yürüş-mitinqdə on minlərlə insan iştirak edib.

Yürüş-mitinqlə bağlı şəhər polisi gücləndirilmiş iş rejiminə keçib, təhlükəsizlik tədbirləri görüb.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.

Xəbər lenti

Xəbər lenti