...

Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir – Böhran Qrupu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Mart 2012 15:49 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılması əlverişli variant deyil.
Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir – Böhran Qrupu

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir E.Tarıverdiyeva/

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılması əlverişli variant deyil. Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz layihələri üzrə direktoru Lourens Şits "The International Herald Tribune" qəzetindəki məqaləsində yazır.

"Kompromisin əldə olunması yalnız beynəlxalq təzyiqin artırılması yolu ilə mümkündür. Əgər bu baş verməzsə, biz zorakılığın daha bir burumunun şahidi ola bilərik", - o yazır.

Şits yazır ki, dünya liderləri təhdidlərin, qaçqın axınlarının, pozulmuş enerji təchizatının, dağıntı və ölümün müharibənin dirçəlməsinə gətirib çıxara biləcəyi barədə düşünməlidirlər.

"Biz on doqquz il əvvəl piyada, donaraq, günlərlə qarlı dağ aşırımlarından keçərək yol gələn yüzlərlə azərbaycanlı qaçqının Kəlbəcər rayonunu tərk etməsinin şahidi olduq. Onlar Dağlıq Qarabağa görə Ermənistanla müharibənin sonuncu qurbanları oldular", - müəllif yazır.

O qeyd edir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi və azsaylı əhaliyə malik Dağlıq Qarabağın "tarixi hüququ" ilə bağlı münaqişə onilliklər və ya hətta yüz illərdir davam edir.

"SSRİ-nin süqutu sadəcə olaraq cini şüşədən buraxdı. Ermənilərin əksəriyyəti həmişə istəyiblər ki, bu region Ermənistanın bir hissəsi olsun", - Şits yazır.

Müəllif xatırladır ki, Azərbaycandakı xaosdan istifadə edərək 1993-cü ilin yayı və payızında Ermənistan qoşunları Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı yeddi rayonunu tamamilə və ya qismən işğal etdilər.

"İndi bu topraqlar boşalmış kabus şəhərləridir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən dörd qətnaməsinə məhəl qoyulmadı", - Şits qeyd edir.

Onun fikrincə, beynəlxalq birlik tərəfindən göstərilən faktlara əhəmiyyət verilməməsi ciddi səhvdir.

Müəllif yazır ki, yüz minlərlə daxili köçkün azərbaycanlılara gəldikdə, hökumət bu illər ərzində onların həyat şəraitinin yaxşılaşdırılması və onlar arasında yoxsulluğun səviyyəsinin kəskin azalmasında irəliləyişə nail ola bilib.

"Yeri gəlmişkən, "atəşkəs"ə baxmayaraq, cəbhə xəttində baş verən atışmalar il ərzində onlarla insanın ölümünə və yaralanmasına gətirib çıxarır", - Beynəlxalq Böhran Qrupunun nümayəndəsinin məqaləsində deyilir.

Xəbər lenti

Xəbər lenti