...

Ermənilərin Şuşada keçirmək istədiyi hərbi parad növbəti gülünc bir tamaşa olacaq - millət vəkili

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Mart 2012 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart / Trend müxbir M.Əliyev/

Ermənilərin Şuşada keçirmək istədiyi hərbi parad növbəti gülünc bir tamaşa olacaq. Bunu Trend-ə çərşənbə günü millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib.

"Ermənistanın ötən ilin sentyabr ayında keçirdiyi parad çox qeyri-ciddi, hazırlıqsız bir tamaşa oldu. Belə olan halda işğal olunmuş Azərbaycan torpaqlarında köhnə silahlarla silahlanmış və intizamsız ordu ilə keçiriləcək tədbiri parad adlandırmaq düzgün olmaz", - o deyib.

Mirzəzadə qeyd edib ki, ermənilər özlərinin Dağlıq Qarabağ iddiasının gündəmdə olduğunu və hələ də Qarabağın Ermənistanın işğalı altında olduğunu öz vətəndaşlarına göstərməyə çalışırlar.

"Lakin Ermənistan xalqını Qarabağdan çıxmış səhra komandirlərinin iddiası deyil, onun gündəlik sosial problemlərinin həlli, təhlükəsizliyi və dünya birliyinə inteqrasiya maraqlandırır", - o deyib.

Millət vəkili hesab edir ki, Ermənistanın dünya birliyinə etinasız yanaşdığı dövrün başa çatmasına çox az qalıb.

"Ermənistan siyasəti ilə ilk növbədə özünə böyük bir zərbə vurur. Ermənistanın müəyyən təsadüf nəticəsində qazandığı dövlətçiliyin özü bu gün böyük təhlükə qarşısındadır", - o deyib.

Mirzəzadə bildirib ki, Ermənistan dünya birliyinin qaydaları ilə yaşaya bilmədiyini ortaya qoyur.

Qeyd edək ki, Ermənistan mətbuatında mayın 9-da Azərbaycanın işğal altında olan Şuşa şəhərində quru qoşunları, hərbi hava qüvvələrinin iştirakı ilə hərbi parad keçiriləcəyi barədə məlumatlar yayılıb.

Xəbər lenti

Xəbər lenti