...

Mübariz Əhmədoğlu: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində aydın mövqe nümayiş etdirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Aprel 2012 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı etimad tədbirlərinin mahiyyətinə aprel ayında aydınlıq gəlib. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə günü keçirdiyi "Qarabağ saatı"nda bildirib.

Onun sözlərinə görə, etimad tədbirlərində əsasən snayperlərin geri çəkilməsi və Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunun qurulması qeyd olunur. Politoloq hesab edir ki, məhz iki ölkə arasında dialoqun qurulması gələcəkdə Dağlıq Qarabağın statusunun müəyyənləşməsinə şərait yaradacaq.

"ABŞ dövlət katibi Hillari Klinton da, Avropa İttifaqının komissarı Ştefan Füle də snayperlərin geri çəkilməsinin tərəfdarı olduqlarını bildiriblər. Lakin bu, münaqişənin real tənzimlənməsi üçün kifayət etməyəcək", - Əhmədoğlu deyib.

O qeyd edib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi digər həmsədr ölkələrin mövqeyindən fərqlənir. "Rusiya daha sağlam, aydın mövqe nümayiş etdirir", - politoloq bildirib.

Əhmədoğlu hesab edir ki, snayperlərin çəkilməsi Ermənistanın imitasiya siyasətini davam etdirməyə şərait yaradacaq.

"20 ildir Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində bir dənə də olsun real addım atmayıb və yalnız imitasiya ilə məşğuldur", - politoloq vurğulayıb.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənəcəyi təqdirdə dünya tarixində yeni səhifə açılacaq.

Əhmədoğlu Ermənistan rəhbərliyinin ölkənin düşdüyü indiki situasiyada ciddi düşünməli olduğunu qeyd edib.

"Ermənistan dövlətçiliyinin təhlükə altında olduğunu hətta ölkə rəhbərliyi də öz bəyanatlarında səsləndirir. Keçirilən son sorğulardan biri göstərib ki, Ermənistan əhalisi üçün Dağlıq Qarabağ məsələsi öz vacibliyinə görə 5-ci yerdədir", - politoloq deyib.

O hesab edir ki, Ermənistanda vəziyyətin necə olmasını isə bu yaxınlarda keçiriləcək parlament seçkiləri müəyyənləşdirəcək.

Xəbər lenti

Xəbər lenti