Azərbaycan, Bakı, 8 may /Trend/
Avropa Azərbaycanlıları Konqresi (AAK) Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar AAK üzvləri, Avropada yaşayan azərbaycanlılara ünvanlanmış müraciət yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən çərşənbə axşamı Trendə verilən məlumata görə, müraciətdə hazırda erməni işğalı altında olan Şuşa şəhərinin Azərbaycan tarixində özünəməxsus yeri olduğu bildirilir, onun əsasının Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən qoyulduğu bildirilir. "Tarixən Azərbaycanın ayrılmaz hissəsi olan ən gözəl guşələrindən biri - Qarabağı, o cümlədən Şuşanı işğal etmiş ermənilər öz qəsbkarlıq siyasəti ilə tarixi faktları saxtalaşdırmağa çalışsalar da, tarixi həqiqəti saxtalışdıra bilməzlər", - müraciətdə qeyd olunur.
Müraciətdə 1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələrinin keçmiş sovet ordusunun 366-cı alayının 40 zirehli texnikasının bilavasitə iştirakı və köməyi ilə Şuşanı işğal etdikləri, nəticədə 200-ə yaxın insanın qətlə yetirildiyi, 600 nəfərin yaralandığı, 150 nəfərin əlil olduğu, 552 körpənin yetim qaldığı, 20 mindən artıq əhalinin isə məcburi köçkün vəziyyətinə düşdüyü qeyd olunur. İşğal nəticəsində 600-ə yaxın tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzey, turist bazası, şərq musiqi alətləri fabriki və yüzlərlə digər mədəni abidələr dağıdılıb.
"Şuşanın işğal günü bütün Azərbaycan хalqının mənəviyyatına vurulmuş ağır bir zərbə və dərddir. Hər il Azərbaycanda və xaricdəki Azərbaycan icmaları tərəfindən Şuşanın işğalı ilə bağlı təşkil edilən anım tədbirlərində dünyanın nüfuzlu təşkilatlarına müraciətlər qəbul edilir və Azərbaycan Respublikasının 20 faiz ərazisinin erməni işğalı altında saxlandığı və Ermənistan tərəfindən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Birliyinin qətnamələrinin inkar edildiyi xatırladılır", - müraciətdə bildirilir.
Müraciətdə vurğulanır ki, Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda dünya ictimaiyyətinin, eləcə də beynəlxalq təşkilatların diqqətini cəlb etmək məqsədilə Azərbaycan ərazisində və onun hüdudlarından kənarda Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar müvafiq anma mərasimlərinin keçirilməsi qərara alınıb.
"1 may 2012-ci il tarixdə Azərbaycan Milli Məclisi Azərbaycan Respublikasının Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar Avropa Parlamentinə, Avropa Şurasının Parlament Assambleyasına və dünya parlamentlərinə müraciət qəbul edib", - müraciətdə qeyd olunur.
AAK prezidenti Samira Patzer-İsmailovanın imzaladığı sənəddə, həmçinin Avropa Azərbaycanlıları Konqresinin 29 aprel 2012-ci il tarixində keçirilmiş IV Qurultayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bəyanatın qəbul edildiyi də xatırladılır.
"Avropa Azərbaycanlıları Konqresi bir daha beynəlxalq təşkilatlara üz tutaraq erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxmasını tələb edir, bütün Avropa azərbaycanlılarını yaşadıqları ölkələrin ictimaiyyətinə, dövlət və qeyri-dövlət qurumlarına erməni işğalçıları tərəfindən Azərbaycan xalqına, onun tarixi və mədəniyyətinə qarşı törədilmiş cinayətləri açıqlamağa çağırır! Əziz həmvətənlər, xalqın güçü həm də onun sözündədir. Gəlin, xalqımızın milli inkişafında önəmli olan sözümüzlə səsimizi birlikdə ucaldaq!" - müraciətdə vurğulanır.