Azərbaycan, Bakı, 19 may /Trend, müxbir E.Tarıverdiyeva/
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının ildönümü ərəfəsində ABŞ-ın Portlend şəhərinin (Men ştatı) meriyası Dağlıq Qarabağın, Zəngəzurun və Naxçıvanın islam dünyasında ilk dünyəvi parlament respublikası olan Azərbaycanın tərkibinə daxil olmasına dair tarixi faktın tanınması haqqında qətnamə qəbul edib.
Trend-in məlumatına görə, sənəddə qeyd olunub ki, AXC şimalda Qafqaz dağ silsiləsindən cənubda Araz çayına və şərqdə Xəzər dənizindən qərbdə Kərki kəndinə qədər uzanan ərazidə elan edilmişdi, öz tərkibinə Qarabağı, Zəngəzuru və Naxçıvanı daxil edib və bu sərhədlər də o dövrün dünya demokratik dövlətləri, həmçinin ABŞ tərəfindən tanınmışdı.
Qətnamədə, həmçinin 1919-cu il mayın 28-də AXC-nin birinci ildönümündə Azərbaycanın nümayəndə heyəti ilə Parisdə görüşmüş ABŞ-ın o zamankı prezidenti Vudro Vilsonun xatirələrindən də sitat gətirilir: "Bir dəfə bizə Azərbaycandan çox maraqlı və ləyaqətli centlmenlər gəldi. Mən dərhal anladım ki, nə vaxt ki, biz ideyalar, azadlıq konsepsiyası, hüquq və ədalət konsepsiyasından bəhs edəndə biz onlarla eyni dildə danışırıq".
Portlend meriyasının qətnaməsində həmçinin qeyd olunur ki, ABŞ Azərbaycan Respublikasının ərazi bütövlüyünü, dövlət suverenliyini və müstəqilliyini birmənalı olaraq tanıyır. Bu da Rod-Aylend ştatının bu günlərdə qəbul etdiyi və ABŞ Prezidentini qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımağa çağıran antikonstitusion qətnaməsinin absurd və cansız olduğunu sübut edir.
Meriyanın qətnaməsində deyilir ki, hər il bütün dünyada 40 milyon azərbaycanlı, eləcə də 400.000 əslən azərbaycanlı olan amerikalı AXC-nin yarandığı günü qeyd edir.