...

Mübariz Əhmədoğlu: Ermənistan Prezidentinin NATO sammitində iştirak etməməsi onun Dağlıq Qarabağ münaqişəsini tənzimləmək istəmədiyini sübut etdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 May 2012 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend, E.Mehdiyev/

Ermənistan Prezidenti Serj Sarkisyanın NATO sammitində iştirak etməməsi onun Dağlıq Qarabağ münaqişəsini tənzimləmək istəmədiyini sübut etdi. Bunu çərşənbə axşamı Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, NATO-nun Çikaqo sammiti Gürcüstan, Moldova, Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi.

"Bununla NATO Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə münasibət bildirdi. Bəyanat regional münaqişələrin yalnız sülh yolu ilə tənzimləməsini təkidlə tələb edir, sülh yolundan başqa variantları regional sabitliyə təhlükə kimi dəyərləndirir. Sülh yolunun alternativsizliyi tezisinə ermənilər həmişə xüsusi önəm veriblər", - politoloq deyib.

O bildirib ki, NATO sənədində bu kontekst ermənilərin gözlədiyindən də əhatəlidir, Ermənistan özünün də ərazi bütövlüyünün tanındığı, sülh yolunun alternativsizliyini daha inadla təsbit edən sənədə və tədbirə hörmətsizlik etdi.

"Sarkisyan məhz bu maddəyə görə NATO sammitində iştirakdan imtina etdi. Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Çikaqoda erməni diasporunun təmsilçiləri ilə görüşərkən bunu təsdiqlədi və səbəbini izah etdi. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı NATO-nun Çikaqo sammitində tutduğu mövqe Ermənistanı qane etmir", - Əhmədoğlu deyib.

O vurğulayıb ki, Ermənistan rəhbərliyi ölkəsinin ərazi bütövlüyünə verilən dəstəyi qəbul etmir. Ermənilərin fikrincə, ölkələrinin ərazi bütövlüyünə dəstək Dağlıq Qarabağın Ermənistana birləşməsinə maneçilik yaradır.

"Ermənistanın ərazi bütövlüyünün tanınmaması sabah ayrı kontekstdən Ermənistan üçün problem yarada bilər. Ermənistan siyasətçiləri, ekspertləri Azərbaycanın hərbi gücünün artmasından həmişə həyəcan təbili çalıblar. Son vaxtlar Azərbaycanın hərbi gücü barədə fikirlərini bir az da genişləndiriblər. Ermənistan Müdafiə Nazirliyinin baş mütəxəssilərindən birinin fikrincə, Azərbaycan Dağlıq Qarabağ uğrunda müharibəyə başlayacaqsa, Azərbaycan Ordusunun Zəngəzura hücumunun qarşısını heç kim ala bilməz", - politoloq bildirib.

O qeyd edib ki, Zəngəzur tarixi Azərbaycan ərazisidir, Naxçıvanı qalan Azərbaycan əraziləri ilə birləşdirir. 1923-cü ildə Azərbaycanın Türkiyə ilə quru əlaqələrinin kəsilməsi üçün Stalin Zəngəzur regionunu ermənilərə bağışladı.

"Ermənistan Müdafiə Nazirliyinin baş mütxəssislərindən birinin dediyindən ağıllı adam o nəticəni çıxarır ki, Ermənistanın ərazi bütövlüyünün tanınması və onunu mümkün qədər çox dəstəklənməsi Ermənistanın özünün xeyrinədir. Sarkisyan Zəngəzur məsələsini bilə-bilə Ermənistanın ərazi bütövlüyünün dəstəklənməsini qəbul etmir. Vasitəçilərə, beynəlxalq ictiamiyyətə Ermənistanın Dağlıq Qarabağ münaqişəsini tənzimləməyəcəyinə dair bundan aydın dəlil ola bilməz", - Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, Ermənistanda hakimiyyəti ələ keçirmiş Qarabağ klanı Dağlıq Qarabağ problemini həll etməkdən daha çox Ermənistanı qurban verməyə, regionda sabitlyi pozmağa hazırlaşırlar.

"Ermənistan Prezidentinin NATO sammitində belə əsassız bəhanə ilə iştirak etməməsi Ermənistanın Dağlıq Qarabağ münaqişəsini dinc yolla tənzimləməyə hazır olmadığını sübut etdi. Vasitəçilərin Ermənistana inanması üçün əsas qalmadı. Eyni zamanda Ermənistan Prezidentinin Çikaqo sammitində iştirakdan imtinası Ermənistanın geosiyasi izolyasiyasının başladığını göstərdi", - Əhmədoğlu bildirib.

Xəbər lenti

Xəbər lenti