...

Hillari Klinton: Qoşunların təmas xəttində vəziyyətin gərginləşməsini dayandırmaq lazımdır (ƏLAVƏ OLUNUB-2)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyun 2012 20:26 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı təəssüfünü bildirib.
Hillari Klinton: Qoşunların təmas xəttində vəziyyətin gərginləşməsini dayandırmaq lazımdır (ƏLAVƏ OLUNUB-2)

Trend-i buradan izləyin

Təfərrüatlar əlavə olunub (ilk xəbər 18:34-də yayılıb)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir S.Ağayeva/

ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı təəssüfünü bildirib.

"Bu, gözlənilməz nəticələrə gətirib çıxara bilər, bu dayandırılmalıdır. Hamı bunun üzərində işləməli və atəşkəs rejimi haqqında sazişə riayət etməlidir", - Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycana səfərinin yekunları üzrə keçirilən brifinqdə Hillari Klinton deyib.

Xanım Klinton, həmçinin bu yaxınlarda qoşunların təmas xəttində baş verən insident zamanı Azərbaycan əsgərlərinin ölümü ilə bağlı təəssüfünü ifadə edib.

Onun sözlərinə görə, ABŞ münaqişənin Helsinki yekun aktının prinsipləri əsasında nizamlanmasına nail olmağa kömək məqsədilə hər şey etməyə hazırdır.

"Mən Azərbaycan və Ermənistan prezidentlərini birgə işə və sülhün əldə edilməsi üçün lazımi addımlar atmağa çağırıram", - Klinton deyib.

"Sülhün bərqərar edilməsinə daha tez yol tapmaq üçün bizdən asılı olan hər şeyi etməliyik. İyunun 18-də Parisdə keçiriləcək iki nazirin qarşıdakı görüşündə onlar yeni yanaşmaları öyrənəcəklər. Bu münaqişənin hərbi həlli yoxdur. Biz sülh sazişinə nail olmaq üçün hər şey etməyə çalışırıq və saziş əldə olunmalıdır. Şəxsən mən bunun üçün hər şey etməyə çalışıram", - dövlət katibi deyib.

"ABŞ dövlət katibi ilə danışıqlarda əsas məsələlər təhlükəsizlik, enerji və demokratik proseslər olub", - Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov brifinqdə deyib.

Nazir əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi danışıqların ayrıca mövzusunu təşkil edib.

Məmmədyarov bildirib ki, Azərbaycan tərəfi münaqişənin həlli il bağlı mövqeyini açıqlayıb. Mövqeyimiz ondan ibarətdir ki, indiki vəziyyət uzun müddət davam edə bilməz.

"Biz bu məsələdə ABŞ-ın fəal roluna ümid edirik", - nazir deyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 5-də saat 06:30 radələrində Ermənistanın təxribatçı qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub. Daha bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti