...

Dağlıq Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatlara müraciət qəbul edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Dekabr 2012 14:21 (UTC +04:00)
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Xankəndinin Ermənistan silahlı qüvvələri tərəfindən bütünlüklə işğal olunmasının 21 illiyi ilə əlaqədar dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət qəbul edib.
Dağlıq Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatlara müraciət qəbul edib

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir E.Mehdiyev/

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Xankəndinin Ermənistan silahlı qüvvələri tərəfindən bütünlüklə işğal olunmasının 21 illiyi ilə əlaqədar dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət qəbul edib.

"Azərbaycanın Xankəndi şəhərinin sonuncu yaşayış məntəqəsi olan Kərkicahan qəsəbəsinin Ermənistan silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 28-də işğal olunub. Hələ bundan əvvəl 1988-ci il sentyabrın 18-də ermənilər tərəfindən Xankəndi şəhərində azərbaycanlıların mənzillərinə basqınlar edilmiş, 60-dək azərbaycanlı ailəsinin evləri yandırılmışdır. Nəticədə, şəhəri tərk etməyə məcbur edilmiş 15 mindən çox azərbaycanlı əhalinin xeyli hissəsi Şuşa, Xocalı və Ağdam şəhərlərində məskunlaşmağa məcbur olub. 1988-1993-cü illərdə, mono-etnik dövlət yaratmağa nail olan Ermənistan Respublikası Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır. XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir". Trend-in məlumatına görə, bu barədə müraciətdə qeyd olunub.

Müraciətdə daha sonra vurğulanıb ki, Ermənistanın Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi bu təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş əra­­zi­lə­rin­dən 1 milyondan çox əhali öz torpağında qaç­qın vəziyyətinə düşüb və hazırda Azərbaycan ərazisinin 20 %-dən çox his­sə­si Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

"Biz, Dağlıq Qarabağdan olan məcburi köçkünlər regionda etnik təmizləmə siyasətini həyata keçirmiş, bütün bəşəriyyət üçün qara ləkə olan Xocalı, Qaradağlı Meşəli və neçə - neçə qanlı soyqırımlarını həyata keçirmiş Ermənistan Respublikasına və Dağlıq Qarabağdakı cinayətkar rejimə göstərilən bütün siyasi, maddi yardım, mənəvi dəstəkləri qətiyyətlə pisləyir, bunun beynəlxalq hüquq prinsiplərinə tamamilə zidd olduğunu bəyan edirik. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etmiş 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətin ifadə edildiyi, zor işlədilməklə sərhədlərin dəyişdirilməsinin yolverilməzliyinin qeyd olunduğu və erməni hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələbinin də olduğunu bir daha nəzərinizə çatdırırıq. Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli üçün, ilk növbədə, bölgənin qaçqın düşmüş azərbaycanlı icmasının öz doğma torpaqlarına geri qayıtması zəruridir. Bölgənin erməni və azərbaycanlı icmaları arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin formalaşdırılması Dağlıq Qarabağ münaqişəsinin həllinə öz müsbət töhfəsini verə bilər. Bu səbəbdən icmalar arasında görüşlərin keçirilməsini də zəruri hesab edirik. Biz sizdən, humanizm ideyalarının daşıyıcı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, erməni təcavüzünün qurbanı olan 1 milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin" müraciətdə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti