Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İ.İzzət/
"Türkiyə hökumətinin atdığı addımlar Dağlıq Qarabağın erməni işğalında qalmasına yardım edir. Ən azı, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalmasının məsuliyyəti həm də Türkiyənin üzərindədir".
Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu şənbə günü keçirdiyi mətbuat konfransında bildirib.
Mərkəzin direktoru hesab edir ki, Türkiyənin Dağlıq Qarabağ məsələsində yanaşması ABŞ və İranın mövqeyindən fərqlənsə də, bu hələ ki, Azərbaycanın mövqeyi deyil.
"Türkiyədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə maneəçilik törədən faktor kimi istifadə edirlər. Əvvəla, Türkiyə Azərbaycanı Dağlıq Qarabağ məsələsində axıra kimi dəstəkləmir. Dağlıq Qarabağ münaqişəsinin müharibədən başqa həlli yoxdur. Son 100 ildə Türkiyə siyasətçiləri və mütəfəkkirləri "soyqırım" şərləməsində ermənilərin mövqelərini bir millimetr dəyişiblərsə, desinlər. Ermənilər üçün Qarabağ məsələsi "soyqırım"dan daha vacibdir, çünki ortada maddiyyat, yəni torpaq var. Təklifləri rədd olunan, beynəlxalq aləmdə sözü eşidilməyən Türkiyə Azərbaycana deyir ki, dinc danışıqlar yolu ilə bu məsələni həll etmək lazımdır. Gəlin, Dağlıq Qarabağ məsələsini müharibə variantı ilə həll edək, sonra Türkiyə Ermənistana milyardlarla pul bağışlasa da, etiraz etməyəcəyik", mərkəzin direktoru qeyd edib.
Politoloqun fikrincə, Qərbin Ermənistanı necə dəstəkləməsindən nəticə çıxarmayan rəsmi Ankara xarici siyasət sahəsində atdığı yanlış addımlarla dolayısı ilə bu problemin həllini ləngidir.
"Türkiyənin Dağlıq Qarabağ tənzimlənməsinin yubanmasındakı ikinci məsuliyyəti 2009-cu ilin oktyabrında Sürix protokollarını imzalamasındadır. Ermənistan boğulan vaxtda Türkiyə ona nəfəs verdi"- deyə Əhmədoğlu vurğulayıb.