...

Mübariz Əhmədoğlu: ATƏT-in ukraynalı sədrinin Dağlıq Qarabağ tənzimlənməsində mövqeyi təəccüb doğurur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 May 2013 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend müxbir İ.İzzət/

ATƏT-in ukraynalı sədrinin Dağlıq Qarabağ tənzimlənməsində süni yaradılmış balansa istinad etməsi təəccüb doğurur.

Bunu Trend-ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

Mərkəzin direktorunun sözlərinə görə, Ukraynanın ATƏT-ə sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həllində böyük ümidlər yaratmışdı. Ərazisində münaqişə olmasa da Ukrayna yeganə dövlətdir ki, MDB məkanındakı münaqişənin nə olduğunu öz üzərində hiss edir. Ukrayna Prezidenti Viktor Yanukeviç 2 il bundan əvvəl Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ukraynanın aktiv rol oynayacağını bəyan etmişdi. Arqument kimi isə Prezident Yanukeviç özünün həm Azərbaycan, həm də Ermənistan prezidentləri ilə yaxşı münasibətlərinin olduğunu göstərmişdi. Çox təəssüflər ki, onun xarici işlər naziri ABŞ-da keçirdiyi görüşlərdə məhz bu arqumenti əks mənada istifadə etdi. Sitat: "Ukrayna Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində balansı poza bilməz, çünki Ukraynanın hər iki dövlətlə yaxşı münasibətləri var."

Politoloqun fikrincə, Ukraynanın bir nömrəli diplomatının dediklərindən qəribə məntiq alınır.

Əhmədoğlu deyib ki, Ukrayna Azərbaycana Rusiyanın xoşlamadığı əməkdaşlıq təklif etməklə artıq balansı Ermənistanın xeyrinə pozub: "Ukrayna süni balansın münaqişənin praktiki tənzimləməsinə şərait yaradan, beynəlxalq hüququ dəstəkləyən istiqamətdə pozulmasına səy göstərməlidir, əksinə yox. Eləcə də Ukrayna əhalisi 1,5 milyon, büdcəsi 2 milyard, ÜDM-i 9 milyard, dövlət və qeyri-dövlət xarici borcu 7.5 milyard dollar olan dövlətlə əhalisi 9.2 milyon, büdcəsi 22 milyard, ÜMD-i 68 milyard, qızıl-valyuta ehtiyatları 48 milyard dollar olan dövləti bərabərgüclu hesab edir. Ermənistan Azərbaycanla balans yarada bilməz. Zəif Ermənistanın bu qədər güclü Azərbaycanla balans yaratması 3-cü dövlətin hesabınadır. Ukrayna həmin 3-cü dövlətin kim olduğunu bilir".

Mərkəzin direktoru hesab edir ki, MDB məkanında çox böyük iddia sahibi olan, Avropada özü haqqında ümid yaratmış Ukraynanın belə cəsarətsiz addımı diqqətdən kənarda qalmamalıdır. Ukrayna istəsə, Dağlıq Qarabağ münaqişəsini qısa müddətdə həll edə bilər:

"Rəsmi Kiyev Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasını Ukraynaya dəvət edib dialoq qurmağı Ukrayna Erməni İttifaqının sədri, Ukrayna vətəndaşı V.Şatvoryana təkidlə tövsiyə edə bilər. Ukraynadakı erməni diasporu Ermənistan dövlətinə istənilən qədər himayədarlıq edir. Ukraynadakı erməni diasporu Ukrayna-Azərbaycan enerji əlaqələrini pozmaq öhdəliyini götürüb, Ukrayna-Türkiyə münasibətlərinə qərəzli müdaxilə edir. Onlar Ukrayna dövlətini bu qədər istismar edibsə, əvəzində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının dialoqunu qursun. O zaman münaqişənin dinc yolla həllinə maneçilik törədən tərəfin kim olduğu bəlli olacak. Əgər Ukraynanın erməni mənşəli vətəndaşı rəsmi Kiyevin xətrinə erməni və azərbaycanlı icmaları dəvət etmirsə, bu halda rəsmi Kiyev Qafqaz siyasətinin erməni diasporunun əlində oyuncaq olduğunu etiraf etməlidir. Bu məsələ çox aydın, asan başa gələn məsələdir. Şatvoryan Dağlıq Qarabağda yaşamış azərbaycanlılarla, Dağlıq Qarabağda yaşayan ermənilərin təmsilçilərini Ukraynaya dəvət edəcəkmi? Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən hər iki tərəfi bir masa arxasında əyləşdirəcəkmi? Ukraynanın ATƏT-ə sədrliyi bu meyarla ölçülməlidir".

Əhmədoğlunun fikrincə, Ukrayna Dağlıq Qarabağ münaqişəsini həll etməklə Ermənistana kömək etmiş olur. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin yubanması Ermənistan dövlətçiliyini məhvə sürükləyir. Qafqazda iki dövlət qurmaq iddiasında olan ermənilər indi bir dövləti saxlaya bilmirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti